AZ

Azərbaycanın balanslı siyasəti regionda sabitliyin qorunmasına xidmət edir ŞƏRH

Bakı, 16 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda milli maraqlara əsaslanan, praqmatik və uzaqgörən siyasət həyata keçirilir. Bu siyasətin əsas mahiyyəti atılan bütün addımların ölkənin suverenliyinə, təhlükəsizliyinə və uzunmüddətli inkişafına xidmət etməsidir. Həm daxili, həm də xarici siyasətdə müşahidə olunan ardıcıllıq və prinsipiallıq Azərbaycanın bu gün qazandığı uğurların əsasını təşkil edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sabir Hacıyev deyib.

Onun sözlərinə görə, daxili müstəvidə həyata keçirilən məqsədyönlü siyasət ölkədə sabit və davamlı inkişaf edən mühitin formalaşmasına gətirib çıxarıb. Mövcud sabitlik təsadüfi deyil, milli maraqlara söykənən idarəetmə modelinin məntiqi nəticəsidir.

“Bu gün dünyada baş verən siyasi proseslər isə ciddi narahatlıq doğurur. Müxtəlif regionlarda davam edən münaqişələr, qanlı toqquşmalar və geosiyasi qarşıdurmalar beynəlxalq təhlükəsizlik mühitini xeyli mürəkkəbləşdirib. Böyük güc mərkəzləri arasında artan rəqabət, regional müharibələr və yeni risk ocaqları qlobal sabitliyi təhdid edən əsas amillər sırasındadır. Belə bir mürəkkəb şəraitdə Azərbaycan balanslı və uzaqgörən siyasət yürüdərək öz dövlət müstəqilliyini və suverenliyini qorumağı bacarır, eyni zamanda, mövcud təhdidləri səmərəli şəkildə neytrallaşdırır.

Məhz bu reallıqlar fonunda Azərbaycan sabitlik və inkişaf nümunəsi kimi diqqət çəkir. Rəsmi Bakının həyata keçirdiyi çoxvektorlu və praqmatik xarici siyasət kursu ölkənin beynəlxalq arenadakı mövqelərini daha da gücləndirir. Bu siyasət müxtəlif güc mərkəzləri ilə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri əsasında münasibətlərin qurulmasına imkan verir. Nəticədə Azərbaycan heç bir siyasi blokdan asılı vəziyyətə düşmədən müstəqil qərarvermə qabiliyyətini qoruyur və milli maraqlarını qətiyyətlə müdafiə edir”, - deyə deputat əlavə edib.

S.Hacıyev bildirib ki, Azərbaycanın balanslı siyasətinin mühüm xüsusiyyətlərindən biri də müxtəlif coğrafi istiqamətlər üzrə paralel əməkdaşlıq modelinin tətbiqidir. Ölkəmiz Avropa məkanı, qonşu regionlar və Asiya ölkələri ilə əlaqələrini eyni vaxtda və qarşılıqlı fayda prinsipi əsasında inkişaf etdirir. Bu Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, onu qlobal miqyasda etibarlı tərəfdaş kimi mövqeləndirir. Azərbaycan artıq təkcə regionun deyil, daha geniş coğrafiyanın geosiyasi proseslərində söz sahibi olan aktorlardan biridir. Ölkəmizin əlverişli coğrafi mövqeyi onu mühüm nəqliyyat və logistika mərkəzinə çevirib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın geostrateji əhəmiyyətini artırmaqla yanaşı, beynəlxalq ticarət və əməkdaşlıq əlaqələrinin genişlənməsinə də töhfə verir. Bu layihələr ölkəmizin həm iqtisadi, həm də siyasi çəkisini daha da artırır.

“Cənubi Qafqaz kimi həssas bölgədə yerləşən Azərbaycan üçün təhlükəsizlik məsələləri daim prioritet olaraq qalır. Bu baxımdan, rəsmi Bakının balanslı siyasəti regionda sabitliyin qorunmasına, risklərin minimuma endirilməsinə və əməkdaşlıq mühitinin gücləndirilməsinə xidmət edir. Azərbaycanın beynəlxalq platformalarda fəal iştirakı da bu siyasətin tərkib hissəsidir və ölkəmizə qlobal miqyasda daha geniş imkanlar açır.

Bütün bu amillər göstərir ki, Azərbaycanın həyata keçirdiyi siyasət təsadüfi deyil, dərin düşünülmüş və strateji hədəflərə hesablanmış kursdur. Dəyişən beynəlxalq şəraitə çevik uyğunlaşaraq milli maraqları daim ön planda saxlayan bu siyasət ölkəmizin müstəqilliyini möhkəmləndirir, beynəlxalq nüfuzunu artırır və onu regionda sabitliyin əsas təminatçılarından birinə çevirir”, - deyə o əlavə edib.

 

Seçilən
12
azertag.az

1Mənbələr