AZ

“Bir anın içində, bir göz qırpımında vətənə getmək istərdim” - Prezidentin təltif etdiyi deputat DANIŞDI

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə deputat Hikmət Baba oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib. Sərəncamla o mükafata Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu (Məmmədov) 1966-cı ilin 17 aprelində Qərbi Azərbaycanın Amasiya rayonunun Göllü kəndində ziyalı ailəsində anadan olub. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP-ın Mərkəzi Aparatı ilə Milli Məclisdə təmsil olunan deputat qrupu arasında əlaqələndiricisidir.

- Hikmət bəy, yubiley yaşınız və yüksək dövlət mükafatına layiq görülməyiniz münasibətilə təbrik edirik. Maraqlıdır, Sizin üçün sürpriz Sərəncam oldu, yoxsa gözləntiniz var idi?”

- Mənim üçün gözlənilməz bir hal, hadisə oldu. Bu, bizim kiçik əməyimizə verilən çox böyük qiymətdir. Buna görə də Müzəffər Ali Baş Komandanımıza, Azərbaycan Prezidentinə təşəkkür edirəm. Əslində, hər bir Azərbaycan vətəndaşının vətəndaşlıq borcunu, məşğul olduğu sahədə vicdani borcunu, məsuliyyət borcunu yerinə yetirməsi onun vəzifəsidir. Ancaq bunun məhz Prezident tərəfindən qiymətləndirilməsi çox böyük mükafatdır. Bu, intellektual əməyə verilən mükafatdır, jurnalist olduğum üçün həm də jurnalist həmkarlarımın əməyinə, onların intellektual fəaliyyətinə, jurnalistika peşəsinə verilən bir qiymətdir. Eyni zamanda təmsil etdiyim Yeni Azərbaycan Partiyasının siyasi dünyagörüşünə, onun cəmiyyətimizdə oynadığı rola verilən qiymətdir. Ona görə də mən Azərbaycan Prezidentinin bu mükafatını məhz təmsil etdiyim camiə adından qəbul edirəm. Yeni Azərbaycan Partiyasının üzvləri adından, jurnalist həmkarlarımın adından, ziyalı, deputat həmkarlarımın adından qəbul edirəm. Mən düşünürəm ki, əslində bu, onları təmsilən mənə verilən böyük mükafatdır.

6cfa4b76-74f1-39d8-a593-3838e9591392_1200.jpg

- Hikmət bəy, səsinizdəki həyəcanı açıq şəkildə hiss edirəm və artıq şübhəm yoxdur ki, bu, sizin üçün tam mənada sürpriz bir Sərəncam olub. Həmişə rəvan şəkildə Milli Məclis tribunasından, yaxud da efirdən danışan Hikmət Babaoğlunun bu qədər həyəcanlı şəkildə fikirlər səsləndirməsi də diqqət çəkir...

- Bütün hallarda hər bir insanın daxilində özü ilə təkbaşına qaldığı zaman bir məsum uşaq var və o uşaq əgər həyəcan hiss etmirsə, demək artıq bu məsumiyyət də itib. Ona görə mənim bu həyəcanımı bu cür qəbul etməyinizi xahiş edirəm.

- Maraqlı cavabdır, səmimi qəbul edirik. Bundan əvvəl də dövlət başçısı tərəfindən mükafatlandırılmışdınız. Budəfəki təltif həm də 60 illik yubiley ərəfəsində oldu. Üstəlik, maraqlı bir məqam da diqqətimi çəkdi. Prezident Türkiyəyə səfər etməzdən öncə bu Sərəncamı imzalayıb, yubileyinizdən bir gün qabaq...Bu faktın özü də əlavə məsuliyyət demək deyilmi?

- Heç şübhəsiz ki, Vətən qarşısında məsuliyyət daşımaq ayrı bir anlayışdır. Vətəni böyük mənada hər qarışına qədər Vətən edən Müzəffər Ali Baş Komandan qarşısında məsul olmaq isə daha böyük məsuliyyətdir. Ona görə mən düşünürəm ki, əldə etdiyimiz ortaq qələbənin mənəvi dəstəkçisi olan qardaş Türkiyəyə səfər ərəfəsində Azərbaycan Prezidentinin bu Sərəncamı imzalaması xüsusi məna daşıyır. Həm də mənim Azərbaycan Prezidentinin ifadə etdiyi kimi, “Bizim ailəmiz Türk dünyasıdır, çünki başqa ailəmiz yoxdur” - tarixi çağırışına səmimi münasibətimlə əlaqələndirilə bilər bu təsadüf. Həmçinin bunu Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsini dərindən mənimsəyən, onu yaşayan bir insan kimi, bir növ mənəvi, hətta mistik uyğunluq kimi qiymətləndirə bilərəm.

- Sizin Qərbi Azərbaycana nə qədər bağlı olduğunuz bir çoxlarına məlumdur. Göllü kəndinə, bütövlükdə qəriblikdə qalan yurdlara həsrət hər zaman fəaliyyətinizdə müşahidə olunur. Qarabağ zəfərindən sonra Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına dinc, sivil və ləyaqətli, təhlükəsiz şəkildə qayıdışı da Prezidentin əsas prioritetləri sırasındadır və siz də bu müqəddəs yolun yolçularındansınız. Hesab edirəm ki, ən böyük mükafat həmin qayıdış günlərində olacaq, elə deyilmi?

- Tamamilə doğru buyurursunuz. Azərbaycan Prezidenti 100 il əvvəl kiçildilmiş, muxtariyyətə bölünmüş Vətənimizi böyüdən Prezidentdir. 30 il əvvəl zəbt olunmuş torpaqlarımızı işğaldan azad edərək, yenə onun inzibati sərhədlərini böyüdən Prezidentdir. Qərbi azərbaycanlıların qayıdışı isə tarixi coğrafiya mənasında yenə Vətənimizi böyüdəcək ki, Azərbaycan Prezidentinin Qərbi Azərbaycanla bağlı konseptual çıxışı da Qərbi azərbaycanlıların öz vətənlərinə qayıtmasını reallığa çevirəcək. Ona görə mən düşünürəm ki, verilən mükafat həm də bu yolda hər birimizin fəaliyyəti üçün bir motivasiyadır. Çünki cənab Prezidentin dediyi kimi, yeni tarixi mərhələdə xalqımızın qarşısında yeni milli vəzifələr var. Onlardan biri də haqq-ədalət naminə tarixi torpaqlarımıza qayıtmaqdır.

8kcQAPbEGab1cky27zfHRk5DuM5nYKyH.jpeg

- Azərbaycan və Ermənistan arasında vətəndaş cəmiyyəti təmsilçilərinin qarşılıqlı səfərləri davam edir. Eyni zamanda iki ölkə arasında ticarət əlaqələri də intensivləşib. Necə bilirsiniz, bütün bunlar Qərbi Azərbaycana sivil qayıdışı sürətləndirəcəkmi, yoxsa körpülərin atılmasını əngəlləməyə çalışan, separatizmi qızışdırmaq üçün Parisdən tutmuş, İrəvana qədər məkanlarda fəallaşan qüvvələr bu prosesə mane olacaqlar?

- Əlbəttə, əngəl olmağa çalışanlar çoxdur. Amma mənə elə gəlir ki, Cənubi Qafqazda hadisələrin necə inkişaf edəcəyini və nəyin necə olacağını təyin edən Azərbaycan Prezidentinin mövqeyi, onun siyasətidir. Ona görə belə cəhdlər olsa da, bütün Qərbi azərbaycanlılar və heç şübhəsiz, xalqımıza qarşı, onun Qərbi Azərbaycanda yaşayan bir hissəsinə qarşı törədilmiş bu ədalətsizlik də aradan götürüləcək. Hazırda ictimaiyyət nümayəndələrinin, QHT üzvlərinin qarşılıqlı səfərləri də məhz ictimai etimadın formalaşmasına, Qərbi azərbaycanlıların öz torpaqlarına qaydışına hüquqi zəmin yaradır və mən düşünürəm ki, bunlar çox vacib görüşlərdir.

- Şəxsən siz Böyük Qayıdışa zəmin yaranandan sonra Göllüyə getmək istəyirsiniz, yoxsa ondan əvvəl doğma kəndi ziyarət etmək ürəyinizdən keçir?

- 35 ildir vətən həsrəti çəkən bir adam kimi, əgər bir quş olub, uçub gedib, vətənə qonmaq mümkün olsaydı, mən bir anın içində, bir göz qırpımında vətənə getmək istərdim. Amma əlbəttə, reallıq başqadır. İnanırıq ki, bizim də bütün arzularımız çin olacaq, doğma vətənə qayıdışımız olacaq, inşallah.

- İnşallah! Bir daha təbrik edirik!

- Çox sağ olun!

Elşad Paşasoy,
Musavat.com

Seçilən
4
musavat.com

1Mənbələr