AZ

ABŞ-dən Müctəba Xameneyi ilə bağlı ŞOK AÇIQLAMA:  “Sağdır, amma…”

ABŞ-nin Müharibə naziri Pit Heqset İranla davam edən hərbi münaqişə və bölgədəki son vəziyyət barədə bir sıra sensasiyalı bəyanatlar verib. Nazir İranın yeni ali lideri elan edilən Müctəba Xameneyinin taleyi və NATO müttəfiqlərinin mövqeyi ilə bağlı kəskin fikirlər səsləndirib.

NOCOMMENT.az xəbər verir ki, Heqset İranın sabiq ali lideri Əli Xameneyinin oğlu Müctəba Xameneyinin hələ də sağ olduğuna dair əsaslı şübhələrin olduğunu bildirib. Lakin o, kiçik Xameneyinin ağır yaralandığını və fiziki olaraq tanınmaz hala düşdüyünü (disfigured) iddia edib. Nazir qeyd edib ki, Müctəba Xameneyinin son vaxtlar ictimaiyyət qarşısına çıxmaması və bəyanatlarının yalnız səsli və ya yazılı şəkildə yayılması bu məlumatları dolayısı ilə təsdiqləyir.

Pentaqon rəhbəri NATO müttəfiqlərini də hədəf alaraq, onları kritik məqamda ABŞ-ı tək qoymaqda ittiham edib: “İlk atəş açılan zaman və bu ölkələrə ən çox ehtiyac duyulduğu anda onlar yanımızda deyildilər. Onları Hörmüz boğazında görmədik. Bizimlə çiyin-çiyinə dayanmadılar.”

Heqset vurğulayıb ki, Prezident Donald Tramp heç kimin təsiri altında deyil və bütün qərarları müstəqil şəkildə, ABŞ-ın milli maraqlarını və prioritetlərini əsas götürərək qəbul edir. O, bu prosesdə İsrailin həm siyasi iradəsi, həm də hərbi imkanları ilə mühüm tərəfdaş olduğunu qeyd edərək, bu dəstəyə görə təşəkkürünü bildirib.

Çinin İrana silah tədarük etməsi barədə gəzən xəbərlərə də toxunan nazir, rəsmi Pekinin bu məsələdə ABŞ-a zəmanət verdiyini deyib: “Çin bizi əmin etdi ki, bu, qətiyyən baş verməyəcək”.

Hazırda ABŞ-ın İran limanlarını “polad halqa” ilə blokadada saxladığını deyən Heqset, rəsmi Tehranın atəşkəs rejiminə əməl etmək üçün böyük stimulu olduğunu, əks halda İranın infrastrukturuna və enerji sektoruna sarsıdıcı zərbələrin davam edəcəyini xəbərdar edib.

Sara,
NOCOMMENT.az

Seçilən
17
nocomment.az

1Mənbələr