Ajans.az xəbər verir ki, bu barədə NewsGeorgia məlumat yayıb. Yeni viza “rəqəmsal köçərilər” adlandırılan, xarici şirkətlərdə uzaqdan çalışan və tez-tez yaşayış yerini dəyişən şəxslər üçün nəzərdə tutulub. C5 vizası 12 ay müddətinə verilir. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” yenilənmiş qanuna əsasən, bu viza turizm məqsədilə Gürcüstana daxil olan və ölkədə qeydiyyatdan keçməmiş şirkətlərdə uzaqdan işləyən əcnəbilərə şamil edilir. Viza eyni zamanda ərizəçinin həyat yoldaşı və azyaşlı uşaqlarını da əhatə edə bilər. Sənədə əsasən, immiqrasiya siyasəti ilə bağlı səbəblərdən viza verilməsindən imtina edilə bilər və bu qərardan şikayət vermək mümkün deyil. Viza rüsumu 20 dollardan 500 dollara qədər dəyişir və müraciət yalnız “təhlükəsiz ölkələr” siyahısına daxil olan dövlətlərin vətəndaşları üçün açıqdır. DemandSage-in məlumatına görə, 2025-ci ilin əvvəlinə dünyada təxminən 40 milyon “rəqəmsal köçəri” mövcuddur. Hakim “Gürcü Arzusu” Partiyası bildirib ki, oxşar proqramlar digər ölkələrdə də tətbiq olunur və yeni təşəbbüs ölkəyə ödəmə qabiliyyətli mütəxəssislərin cəlb olunmasına yönəlib.