AZ

Qaxda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Qax, 16 aprel, AZƏRTAC

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar günün qeyd olunmasında məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Ölkəmizdə də bu günün qeyd olunması yaddaşımızı oyatmağa, Azərbaycanın zəngin mədəni irsinin bizim üçün misilsiz əhəmiyyətə malik olduğunu daha dərindən dərk etməyə, mədəni irsimizin inkişaf pillələrini yada salmağa xidmət edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin birgə təşkilatçılığı, Qax rayon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə aprelin 16-da Qax şəhərində keçirilən tədbirdə səsləndirilib.

Tədbirin rəsmisi hissəsi rayon Heydər Əliyev Mərkəzində reallaşıb. Əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Ulu Öndər Heydər Əliyev və mədəni irsimiz” adlı videoçarx nümayiş etdirilib. Videoçarxda Ümummilli Liderin Azərbaycan xalqının tarixi yaddaşının bərpası və mədəniyyətinin dünya miqyasında tanıdılması istiqamətində misilsiz xidmətləri əks olunub.

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi Tural Kərimov çıxış edərək ölkəmizdə tarixi-mədəni irsin qorunmasına göstərilən yüksək dövlət qayğısından danışıb. Qeyd edib ki, Azərbaycan qədim tarixə və zəngin mədəni irsə malik bir ölkədir. Şəki-Zaqatala bölgəsi mədəniyyətin, tarixin qovuşduğu, inkişaf etdiyi bir ərazidir. Qarşıda duran əsas vəzifələrdən biri Azərbaycan mədəniyyətini, tarixini ənənəyə söykənən, eyni zamanda, yeniliyə açıq formada gələcək nəsillərə çatdırmaqdan ibarətdir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi vəzifəsinin səlahiyyətlərini icra edən Tərxan Tahirli bildirib ki, 18 Aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan belə bir tədbirin məhz Qax rayonunda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki Qax rayonu zəngin tarixi-mədəni irsi, qədim abidələri, müdafiə tikililəri və özünəməxsus memarlıq ənənələri ilə ölkəmizin mədəni xəritəsində xüsusi yer tutur.

Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxışında bildirib ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə nəticəsində 30 ilə yaxın bir dövrdə işğal altında qalmış mədəni irs nümunələri öz həqiqi sahiblərinə qaytarılıb. Həmin tarixi abidələrin böyük əksəriyyəti düşmən tərəfindən dağıdılıb, vandalizmə məruz qalıb. Qeyd olunub ki, hazırda azad olunmuş ərazilərdə tarixi mədəni abidələrimizin genişmiqyaslı bərpa işlərinin aparılması istiqamətində çox böyük işlər görülür.

Tədbir Qax şəhərinin qədim tarixi məhəlləsində - “İçəribazar” kompleksində bədii proqramla davam etdirilib. Tədbir iştirakçıları Qaxın qədim ruhunu və sənətkarlıq ənənələrini əks etdirən sərgi ilə tanış olub, milli musiqi və rəqs nümunələrindən ibarət konsert proqramını izləyiblər.

Konsertdən sonra sərgidə nümayiş etdirilən ən yaxşı sənətkarlıq nümunələrinin müəllifləri təşəkkürnamə ilə mükafatlandırılıblar.

Müxbir – Mustafa Dadaşov

Seçilən
5
azertag.az

1Mənbələr