AZ

Türk dövlətləri arasında iqtisadi əməkdaşlıq yeni mərhələyə qədəm qoyur – ŞƏRH

Bakı, 16 aprel, AZƏRTAC

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında iqtisadi əməkdaşlıq son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert Cafer Dal bildirib.

Onun sözlərinə görə, TDT çərçivəsində formalaşan əməkdaşlıq modeli yalnız siyasi və mədəni əlaqələrlə məhdudlaşmır, eyni zamanda iqtisadi inteqrasiyanın dərinləşdirilməsinə yönəlib.

“Üzv ölkələr arasında ticarət dövriyyəsinin artırılması, gömrük prosedurlarının sadələşdirilməsi və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi bu istiqamətdə əsas prioritetlərdəndir. Son illərdə TDT çərçivəsində imzalanan çoxtərəfli sazişlər, xüsusilə ticarətin asanlaşdırılması, investisiyaların qorunması və biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar real nəticələr verməyə başlayıb. Üzv ölkələr arasında qarşılıqlı investisiya qoyuluşları artmaqda davam edir və bu, iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır. Orta Dəhliz kimi strateji təşəbbüslər TDT məkanını qlobal ticarət sistemində daha rəqabətli edir. Bu marşrut vasitəsilə yükdaşımaların müddətinin azalması və xərclərin optimallaşdırılması region ölkələrinin ixrac potensialını artırır. Logistika infrastrukturunun modernləşdirilməsi, yeni dəmir yolları və liman layihələrinin icrası TDT ölkələrini Avrasiya məkanında mühüm tranzit qovşağına çevirir. Türk dövlətləri zəngin təbii resurslara, gənc və dinamik əhaliyə, eləcə də əlverişli coğrafi mövqeyə malikdir. Bu üstünlüklər düzgün koordinasiya olunduqda regionun iqtisadi güc mərkəzlərindən birinə çevrilməsi mümkündür”, – deyə ekspert vurğulayıb.

Cafer Dal enerji sahəsində əməkdaşlığın da strateji əhəmiyyət daşıdığını qeyd edib. Onun fikrincə, xüsusilə Azərbaycan və Türkiyə arasında həyata keçirilən enerji layihələri digər TDT üzvləri üçün də nümunə rolunu oynayır. Xəzər hövzəsinin zəngin enerji ehtiyatlarının dünya bazarlarına çıxarılması istiqamətində həyata keçirilən layihələr regionun enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, iqtisadi gəlirlərin artmasına da səbəb olur.

Ekspert əlavə edib ki, bərpaolunan enerji sahəsində əməkdaşlıq da gələcək dövr üçün prioritet istiqamətlərdən biridir. Günəş və külək enerjisi potensialının yüksək olduğu Türk dövlətləri bu sahədə birgə layihələr həyata keçirməklə həm enerji şaxələndirilməsinə, həm də ekoloji dayanıqlılığa nail ola bilərlər. Onun sözlərinə görə, rəqəmsal transformasiya və innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsi TDT məkanında iqtisadi inkişafın yeni drayverlərinə çevrilə bilər: “Startap ekosistemlərinin inkişafı, texnologiya transferi və rəqəmsal xidmətlərin inteqrasiyası üzv ölkələrin qlobal rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Həmçinin kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib. Müxtəlif iqlim şəraitinə malik TDT ölkələri arasında aqrar sahədə təcrübə mübadiləsi və ticarətin genişləndirilməsi regionda ərzaq təminatının sabitliyinə müsbət təsir göstərə bilər”.

Müxbir-Vüqar Qurbanoğlu

Seçilən
23
azertag.az

1Mənbələr