AZ

Beynəlxalq Enerji Agentliyinin rəhbəri: Aviasiya sektoru üçün ciddi yanacaq çatışmazlığı yarana bilər

Berlin, 16 aprel, AZƏRTAC

Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol Avropada aviasiya sektorunu təhdid edən ciddi yanacaq çatışmazlığı riski barədə xəbərdarlıq edib.

AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, o, media qurumlarından birinə açıqlamasında mövcud şəraitdə Avropanın təxminən altı həftəlik kerosin ehtiyatlarının olduğunu bildirib. Qeyd edib ki, İran müharibəsi fonunda neft tədarükünün davamlı şəkildə bloklanması halında yaxın dövrdə uçuşların ləğvi mümkündür.

BEA rəhbəri yaranmış vəziyyəti indiyədək yaşanan ən böyük enerji böhranı kimi qiymətləndirərək, əsas səbəbin Hörmüz boğazı vasitəsilə neft, qaz və digər həyati əhəmiyyətli resursların daşınmasının dayandırılması olduğunu bildirib. Onun sözlərinə görə, böhran uzandıqca qlobal iqtisadi artım zəifləyəcək, inflyasiya daha da yüksələcək.

Fatih Birol enerji qiymətlərində artımın qaçılmaz olduğunu, benzin, qaz və elektrik enerjisinin bahalaşacağı barədə xənərdarlıq edib. Bildirib ki, xüsusilə Yaxın Şərqdən enerji asılılığı yüksək olan Asiya ölkələri, o cümlədən Yaponiya, Cənubi Koreya, Hindistan, Çin, Pakistan və Banqladeş daha çox təsirə məruz qalacaq. Sonrakı mərhələdə isə bu təsirlər Avropa və ABŞ-da da hiss olunacaq.

O, xəbərdarlıq edib ki, Hörmüz boğazı açılmadığı təqdirdə Avropada yanacaq çatışmazlığı səbəbindən bəzi marşrutlar üzrə uçuşların dayandırılması qaçılmaz ola bilər.

Qeyd edək ki, Almaniyanın “Lufthansa” aviaşirkəti mümkün böhranla bağlı fövqəladə plan hazırlayıb. Şirkət kerosin qıtlığı yaranacağı təqdirdə 40-a qədər köhnə təyyarəni istismardan çıxarmağı nəzərdən keçirir. İlkin mərhələdə 20 təyyarənin uçuşlardan kənarlaşdırılması planlaşdırılır. Bununla yanaşı, artıq aviabiletlərin qiymətlərində artım müşahidə olunur və əlavə bahalaşma ehtimalı yüksək qiymətləndirilir.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Seçilən
10
azertag.az

1Mənbələr