AZ

Məhkəmə keçmiş yüksək vəzifəli şəxsin gəlini haqqında qərar verdi

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılovun gəlini olduğunu iddia edərək, onun oğluna qarşı övladı üçün aliment tələbi ilə gündəmə gələn Fidan Abbasovanın haqqında narkotik istifadəsilə bağlı məhkəmə qərar çıxarıb.

Bizimyol.info xəbər verir ki, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Fidan Abbasova İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında narkotik vasitələrin qanunsuz olaraq, satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, daşınması) maddəsi ilə məsuliyyətə cəlb olunub.

Narkoloji Mərkəzin Fidan Abbasova ilə bağlı rəyində yazılıb ki, ondan götürülmüş nümunədə narkotik maddə (marixuana) aşkarlanıb.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun haqqında inzibati tənbeh tədbiri kimi, cərimə cəzası təyin olunub. Bununla yanaşı, Fidan Abbasovanın ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması da müəyyən edilib.

Fidan Abbasova özünü təqsirli bilməyib və məhkəmənin qərarından narazı qalıb. O, Narkoloji Mərkəzin rəyini də şübhə altına alıb.

Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Apellyasiya şikayətində analizin nəticələrinin düzgün olmadığını, korrupsiya hallarının mövcud olduğunu iddia edib.

Fidan Abbasova sonradan özəl tibb müəssisəsindən rəy almaq üçün özəl tibb müəssisəsində yoxlamadan keçib. Oradan nəticənin mənfi olması barədə rəy alıb. Daha sonra Narkoloji Mərkəzə də təkrar müraciət edərək, ilkin tibbi rəyə zidd sənəd əldə edib.

Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılarkən bu arqumentlərin hamısı araşdırılıb. Sonda isə əsas kimi isə mütəxəssis rəyi götürülüb. Mütəxəssis bildirib ki, THC (+) nümunəsinin insan orqanizmindən hətta 2-4 gün ərzində təmizlənməsi tibb elmində təsdiqlənib. Yəni bu gün kimdənsə narkotiklə bağlı götürülmüş nümunədə müsbət rəy çıxarsa, 3-5 gün sonra orqanizmdən təmizlənə bilər və mənfi rəy alına bilər.

Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını dəyişmədən qüvvədə saxlayıb.

Qeyd edək ki, Fidan Abbasova 2015-ci il təvəllüdlü qızına görə SOCAR-ın keçmiş vitse-prezidentinin oğlu Orxan İsmayılzadəyə qarşı atalıq davası və aliment tələbi ilə iddia qaldırıb. Bir neçə ildir ki, tərəflər arasında bu məsələ ilə əlaqədar məhkəmə çəkişməsi davam edir.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
bizimyol.info

1Mənbələr