AZ

Təbiət – uşaqlar üçün yalnız oyun məkanı deyil, həm də öyrənmə və kəşf dünyasıdır

Təbiətdə keçirilən hər an uşaqların ətraf mühitlə bağını gücləndirir. Onlar ağacları, bitkiləri və heyvanları müşahidə etdikcə dünyanı daha dərindən tanıyır, maraq hissləri artır, yaradıcılıqları inkişaf edir.

Açıq havada vaxt keçirmək uşaqların sağlamlığına da müsbət təsir göstərir — hərəkətlilik artır, stress azalır, diqqət qabiliyyəti güclənir. Valideynlər üçün isə bu, gündəlik həyatın yorğunluğundan uzaqlaşıb övladları ilə daha keyfiyyətli və mənalı vaxt keçirmək imkanı yaradır.
Uşaqlar erkən yaşdan təbiətlə təmasda olduqda, onu qorumağın vacibliyini dərk edir və gələcəkdə daha məsuliyyətli fərdlər kimi formalaşırlar. Bu səbəbdən, ailə ilə birlikdə keçirilən piknik və ya kiçik bir kəşf turu zamanı təbiətə sevgi və məsuliyyət hissini artırmaq üçün:
 Yarpaqlar, şam qozaları, daşlar, budaqlar və digər təbii materiallardan istifadə edərək kiçik sənət işləri hazırlaya bilərsiniz. Bu proses uşaqlarda həm yaradıcılığı inkişaf etdirir, həm də təbiətin zənginliyini dərk etməyə kömək edir.
 Təkrar istifadə olunan qablar və parça salfetlərdən istifadə edərək tullantısız piknik təşkil edə bilərsiniz. Plastik tullantıların azaldılmasının əhəmiyyətini uşaqlarla birlikdə müzakirə edə, tullantıların azaldılması üçün yeni və yaradıcı ideyalar üzərində də düşünə bilərsiniz.
 Ailəvi şəkildə parkda, çimərlikdə və ya çay kənarında kiçik təmizlik aksiyası keçirərək təbiətə töhfə verə bilərsiniz.
 Gəzinti zamanı uşaqlara biomüxtəliflik və təbiətin qorunmasının əhəmiyyəti barədə sadə və maraqlı məlumatlar verə bilərsiniz.
Unutmayaq ki, təbiətə sevgi uşaqlıqdan başlayır.
Seçilən
10
ekologiya.az

1Mənbələr