AZ

Xaricdə təhsil insan kapitalına strateji investisiyadır

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026/2027-ci tədris ili üçün dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu başlayıb.

Mövzu ilə bağlı "Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar" İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az-a açıqlama verib.

İlqar Hüseynli bildirib ki, xaricdə təhsil proqramları insan kapitalının inkişafı üçün əsas üstünlüklər yaradır: Ümumiyyətlə, Azərbaycan gənclərinin dünyanın aparıcı universitetlərində təhsil alması bu proqramın ən böyük üstünlüyüdür. İstər bakalavr, istər magistr, istərsə də doktorantura pilləsində təhsil almaq buna daxildir.

Sədr vurğulayıb ki, xarici universitetlərdə təhsil ölkənin insan resurslarının inkişafına və müasir biliklərin transferinə xidmət edir: Təbii ki, Azərbaycan təhsilinin tam olaraq hələ bizim istədiyimiz səviyyəyə gəlib çatmaması, müəyyən metodiki və texniki çatışmazlıqların, həmçinin professor-müəllim heyəti ilə bağlı problemlərin mövcudluğu səbəbindən, gənclərimizin dünyanın daha nüfuzlu, daha yaxşı təchiz olunmuş və daha geniş professor-müəllim heyətinə malik universitetlərində təhsil alması vacibdir. Bu, onların yeni texnoloji yeniliklərə yiyələnməsinə və həmin biliklərin gələcəkdə ölkəmizdə uğurla tətbiq edilməsinə imkan yaradır. Bu baxımdan xeyli irəliləyişlər müşahidə olunur. Bu çox yaxşıdır.

İ.Hüseynlinin sözlərinə görə, xaricdə təhsil alan gənclərin bir qismi ölkəyə qayıdaraq, digərləri isə xaricdə karyera quraraq həm fərdi, həm də ümumi inkişafı dəstəkləyir: Proqramın mahiyyəti çox müsbətdir və mən düşünürəm ki, bu proqramda ölkə inkişafının əsas prioriteti insan kapitalına sərmayə qoyulmasıdır. İnsan kapitalının daha da inkişaf etdirilməsi və bu kapitalın gələcəkdə dövlət idarəçiliyinə, o cümlədən özəl sektora cəlb olunması bizim üçün kifayət qədər böyük üstünlüklər yaradır.

İlqar Hüseynli qeyd edib ki, xaricdə təhsil təcrübəsi ölkənin inkişafı üçün strateji əhəmiyyət daşıyır: Xarici ölkələrdə təhsil alan gənclərin bir hissəsi, bildiyiniz kimi, elə həmin ölkələrdə də iş tapıb qalır, bir hissəsi isə vətənə qayıdaraq Azərbaycanda həmin inkişaf etmiş ölkələrin təhsil sistemində qazandıqları bilik və təcrübəni tətbiq edir. Bunların hamısı müsbət qiymətləndirilə bilər. Həm karyera quruculuğu baxımından xaricdə yaşayan və təhsil alan tələbələrimizin orada iş tapıb çalışması da ciddi bir üstünlükdür və ölkəmiz üçün gələcəkdə faydalı bir məsələdir.

O bildirib ki, təhsilə investisiya ölkənin gələcəyinə yönəlmiş ən vacib sərmayələrdən biridir: Ümumiyyətlə, təhsilə qoyulan investisiyanın dəyəri ölçüyəgəlməzdir. Təhsilə qoyulan investisiya ölkənin gələcəyi üçün olduqca əhəmiyyətlidir. Məsələn, artıq bilirsiniz ki, Azərbaycan gəncləri MIT və Harvard Universitetində, eləcə də Türkiyənin çox tanınmış universitetlərində təhsil alırlar. Çin universitetlərində müasir texnoloji tətbiqlərlə bağlı ciddi irəliləyişlər əldə edə bilirlər. Robot texnologiyaları və İT sahəsində ciddi biliklərə yiyələnirlər və bu da ölkənin inkişafı üçün çox önəmlidir.

Sədrin sözlərinə görə, maliyyələşmə prosesində yaranan bürokratik gecikmələr bəzi çətinliklərə səbəb olur: Mən düşünürəm ki, bu, dövlətin ən əsas və ən vacib sərmayələrindən biridir. Amma burada bir qədər çatışmazlıq ondan ibarətdir ki, tələbələrin xarici ölkələrdə təhsilinin maliyyələşdirilməsi prosesində bəzən müəyyən bürokratik əngəllər yaşanır. Bununla bağlı bizə bir neçə dəfə müraciətlər daxil olub və məsələni izləyirik.

İ.Hüseynli əlavə edib ki, təhsil ödənişlərində gecikmələr valideynlər üçün əlavə maliyyə yükü yaradır: Problemin mahiyyəti ondan ibarətdir ki, bəzən dövlət proqramı ilə təqaüd almış və təhsil alacaq gənclərin vəsaitlərinin ödənilməsində ləngimələr olur. Bu da valideynləri əlavə maliyyə axtarmağa məcbur edir və bəzən elə olur ki, bəzi valideynlər dövlət proqramının ödəyəcəyi vəsaitin tam ödənilməsinə qədər banklardan faizli kredit götürməli olurlar. Bax, əsas çətinliklərdən biri məhz budur: maliyyələşmə prosesinin vaxtında həyata keçirilməməsi.

İlqar Hüseynli bildirib ki, bəzi ixtisaslara daha geniş yer verilməsi proqramın effektivliyini artıra bilər: Eyni zamanda, gənclərin seçim prosesində hüquq və tibb ixtisaslarına da daha çox üstünlük verilməsi məqsədəuyğun olar. Əslində dövlət proqramında tibb və hüquq təhsili üzrə ayrılmalar ya yoxdur, ya da yalnız istisna hallarda mövcuddur. Amma ümumilikdə bu ixtisaslar üzrə gənclərin daha geniş şəkildə proqramdan yararlanmasına şərait yaradılsa, bu da ciddi və faydalı nəticələr verə bilər.

Fatimə Nəbiyeva

Seçilən
34
qht.az

1Mənbələr