AZ

“Xilasedici”nin meneceri: “Ordu” ilə final oyununda üstünlük bizdədir

Bakı, 16 aprel, AZƏRTAC

Finalda qarşılaşacağımız “Ordu”nu mövsüm ərzində 3 dəfə məğlub etmişik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında kişi voleybolçuların Yüksək Liqasının finalında “Ordu” ilə üz-üzə gələcək “Xilasedici” klubunun meneceri Onat Kurt deyib. O, finalda da komandasını üstün hesab etdiyini bildirib: “Düzdür, finalda favorit olmur. Lakin mövsüm ərzindəki oyunumuz və hazırkı heyətimiz bizim çempionluğa daha yaxın olduğumuzu göstərir. Əlbəttə ki, rahat olmamalı, sonadək mübarizə aparmalıyıq”.

Funksioner növbəti mövsüm üçün heyətdə nəzərəçarpacaq dəyişikliklər etmək istəmədiklərini söyləyib: “İndiki heyətdən razıyıq. Bəlkə, bir və ya iki transfer ola bilər. Bununla bağlı rəhbərliklə danışıqlarımız olacaq. Hazırda bütün diqqətimizi “Ordu” ilə görüşə yönəltmişik”.

Qeyd edək ki, final qarşılaşması aprelin 18-i saat 16:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Müxbir – Cavid Əliyev

Seçilən
12
1
azertag.az

2Mənbələr