Dostlarım son zamanlar Azərbaycanda film sənayesinin necə inkişaf etməsindən danışırdılar. “Bizdə qıcqırmış qaynana-gəlin mövzularından başqa nə ola bilər ki?” düşüncəsilə açıb baxdım bir iki filmə. Pis deyildi. Kino məhsullarında hekayə quruculuğu fərqli məcraya yönəlib. Di gəl ki, bir “əmma” var. Bütün mövzular istintaqda yekunlaşır. Yenə Cinayət, yenə Kriminal. Bir sıra Avropa ölkələrində qəbul olunan qərar, yağ kimi yayıldı ürəyimə: 15 yaşına çatmayan uşaqların sosial mediaya girişinə qadağa qoyulub. Nə deyək? Sağ əlləri başımıza. Ümumən indiki valideynlərə də yazığım gəlir. Əvvəllər “Bizim vaxtımızda…” ilə başlayan söhbətləri qınayırdım. Deyirdim ki, o sizin dövrünüz idi. Amma etiraf edim, bizim vaxtımızda özümüzü yığışdırmağımız bir çimdiyə baxırdı. İndi uşağa əl qaldırdınsa, 300 manatı hazırla. Gərək gündəlik qayğıları, işdə müdirdən eşitdiyin məzəmmətləri, kommunal xidmətlərin göndərdiyi qəbzi qoyasan bir kənara. Fokuslanasan ki, uşaq nə edir, kimlə görüşür, nə izləyir. Övlad dünyaya gətirəndə bunları əvvəlcədən düşünməlisən ki, sonradan nəzarətsiz qalan “məhsulunun” çürük meyvəsi başqalarını da məhv etməsin. Gələk təhlükəsizlik məsələlərinə. Məktəb yüksək təhlükəsizlik həssaslığına malik zona hesab olunur. Amma görünən odur ki, bu, sadəcə “hesab olunmaqla” kifayətlənir. Gəlin indiki halda məktəbə daha düzgün ad seçək. Məktəb — potensial qatillərin öz “potensiallarını” layiqincə göstərə bildiyi yer. Təklif edirəm ki, valideyn iclaslarında “uşağınızın riyaziyyatı zəifləyib” əvəzinə “uşağınızın çantasını yoxlayın, biz yoxlaya bilmədik” desinlər. Məktəbi “yüksək təhlükəsizlik zonası” adlandırmaq asandır, əsas məsələ odur ki, ora daxil olanda uşaqlar yox, yalnız dərs və kitablar “atəşə tutulsun”.
Oksana Orucova