AZ

Eşqi Bağırov: Xüsusi təhsil müəssisələrində STEAM layihəsinin tətbiqi nəzərdə tutulur

Bakı, 16 aprel, AZƏRTAC

Artıq məktəbəqədər təhsil müəssisələrində inklüziv təhsillə bağlı addımlar atırıq. Həmçinin digər təhsil müəssisələrimizdə həyata keçirilən STEM layihəsinin yeni tədris yanaşması əsasında xüsusi təhsil müəssisələrində tətbiqinə nail olmaq hədəfimizdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Bakı Slavyan Universitetində keçirilən “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüziv universitet modeli” mövzusunda IV beynəlxalq elmi-praktik konfransda deyib.

“Xüsusi təhsil müəssisələrimizin şəbəkəsi müstəqillik dövründən əvvəlki mərhələni də əhatə edir və həmin dövrdə formalaşmış yanaşmalar müəyyən mənada bu günə qədər davam edir. Hesab edirəm ki, inkişafın ikinci istiqaməti məhz bu müəssisələri yenidən qurmaqdan ibarət olmalıdır. Son bir-iki il ərzində ənənəvi evdə təhsil məktəbləri mövcud idi. Lakin bu məktəblərin mahiyyəti, xidmət səviyyəsi və keyfiyyəti mövcud reallıqlara və ehtiyaclara tam cavab vermirdi. Agentliyin təşəbbüsü ilə həmin müəssisələr optimizasiya olundu.

Nəticədə, əvvəllər daha çox formal xarakter daşıyan, bəzi hallarda isə real təhsil məzmunundan uzaq olan evdə təhsil modeli əhəmiyyətli dərəcədə dəyişdirildi. Aparılan islahatlar sayəsində bu müəssisələrdə təhsil alan minlərlə şagird artıq evinə daha yaxın ərazilərdə, daha keyfiyyətli müəllim təminatı ilə tədris xidmətlərinə cəlb olunub”, - deyə Eşqi Bağırov bildirib.

Müxbir - Aysel Azadqızı
Fotoqraf - İlqar Cəfərov
Seçilən
34
azertag.az

1Mənbələr