AZ

Tural Abbaslıdan internetin bahalaşacağı iddialarına SƏRT REAKSİYA

Son günlərdə Azərbaycanda internetin qiyməti ilə şok iddialar yayılıb.

Belə ki, internet xidmətinin qiymətinin yenidən qaldırıla biləcəyi iddia olunur. Mətbuatda yer alan rəqəmlərə əsasən, yeni tariflərin 30-35 manat civarında olma ehtimalı var. Təbii ki, bu da haqlı narazılığa səbəb olub. 2024-ci ildəki qiymət artımı ilə internetin 25 manat olmasının üzərindən qısa zaman keçməsinə baxmyaraq, qiymətin daha da fantastik həddə çatdırılmasından söhbət gedir. Onsuz da hazırda başqa seçim haqqı olmadan hər kəsə 25 manatlıq tarif təklif olunur, bunun daha 10 manat artma ehtimalı isə şok effekti yaradıb.

Axı nə üçün onsuz da çox baha olan internetin qiymətinin bahalaşacağı iddiaları yayılıb? Bu addıma nə ehtiyac var?

Mövzu ilə bağlı AĞ Partiya başqanı Tural Abbaslı Hit.az-a açıqlama verib.

O bildirib ki, son dövrlərdə bütün sahələrdə qiymət artımları müşahidə olunur:
“Görünən odur ki, müxtəlif sahələrdə qiymət artımlarına gedərək büdcədə yığımları çoxaltmaq istəyirlər. Adətən burada iki seçim olur: ya əhalinin məmnuniyyəti, ya büdcə yığımları. Bir çox hallarda əhalinin məmnuniyyətini daha üstün tutulur. Bizdəki məmurların böyük əksəriyyəti isə yığımların daha çox olmasına önəm verirlər, nəinki əhalinin məmnuniyyətinə. Adətən kütləvi istifadə sahələrində artımlar olur. Məsələn, mobil operatorları, internet qiymətlərini, ictimai nəqliyyatı, yanacağı və ərzaq qiymətlərini nümunə göstərə bilərik. Bu sahələr kütləvi istifadə olduğu üçün qiymət artımları əhalinin 90 faizinə birbaşa təsir edir”.

Siyasətçinin sözlərinə görə, internet qiymətinin artımına da eyni psixologiya ilə yanaşılır:
“Əslində, internetdə qiymət artımı çox yeni olub. O vaxt internetin daha sürətli olacağını dedilər. Lakin qiymət artmasına baxmayaraq, internetin keyfiyyəti aşağı düşdü. İndi də eyni şeyi etmək məntiqsizlikdir. Bu, əhalini daha da narazı salacaq. Onsuz da əhali sosial vəziyyətinə görə xeyli narazıdır. Belə addımlar isə əhalini daha da narazı salır. Ona görə mən bu addımın qətiyyən əleyhinəyəm”.

Tural Abbaslı vurğulayıb ki, Azərbaycanda internet qiymətləri əhalinin gəlirləri ilə müqayisədə ucuz deyil:
“İnternet qiymətləri minimum 25 manatdan başlayır. Bu da Azərbaycan əhalisi üçün kifayət qədər böyük məbləğdir. Hansısa bəhanələrlə yenidən bu qiyməti artırmaq əhalinin vəziyyətini daha da ağırlaşdıracaq. Üstəlik, qiyməti qaldırsalar belə, internetin keyfiyyətinin artmayacağına əminəm. Əksinə, bəlkə daha da düşəcək”.

Elmir Mustafa
 
 

Seçilən
10
hit.az

1Mənbələr