AZ

''Qalatasaray''da nə baş verir? - qruplaşma, soyuq müharibə, motivasiyasızlıq...

Son 3 turda 5 xal itirməklə çempionluq yolunda çox ciddi zərbə alan və fanatlarına şok yaşadan ''Qalatasaray''da nələr baş verir?

"Football-plus.az" xəbər verir ki, fanatlar indi bu suala cavab axtarırlar.

Xüsusilə də son turda iddiasız ''Kocaelispor''la ev oyunundakı bərabərliyin ardından klubun daxilində ab-havanın yaxşı olmaması barədə iddialar baş qaldırıb. Mövsümün belə həlledici məqamında son 3 ilin çempionunun yaşadığı enişin bir neçə səbəbi var.

Birinci səbəb Çempionlar Liqasındakı uğurlu çıxışın ardından komandanın sanki superliqa matçlarına köklənə bilməməsidi. ''Liverpul''a 1/8 finaldakı məğlubiyyətdən sonra ''sarı-qırmızılar'' üçün sanki mövsüm bitdi. Ardıcıl çempionluqların gətirdiyi doymuşluq, Viktor Osimhenin komandaya yardım edə bilməməsi və xaricdən çox sərfəli təkliflər aldığı üçün fikri dağınıq olan Okan Burukun artıq oyunçuları yetərli qədər motivasiya edə bilməməsi öz sözünü deməyə başlayıb.

İkinci səbəb İkardi ilə Okan Buruk arasında yaşanan soyuq müharibə və bunun yaratdığı fəsadlardı. Osimhenin yoxluğunda ''Göztəpə'' ilə oyunun ardından ''Kocaelispor''la matçda da ehtiyatda qalan argentinalı forvard rəqibin bərabərlik qolundan 8 dəqiqə sonra, yəni 80-ci dəqiqədə meydana çıxa bildi. Komandadan küsməsi üz cizgilərindən də bəlli olan İkardi meydanda olduğu müddətdə heç nə ilə yadda qalmadı. Üç dəfə ayağına top gəldi və onun ikisini itirdi. Buruk artıq tamamilə ondan əlini üzüb. Növbəti oyunda o, qırılan qolu hələ tam sağalmayan Osimheni oynatmaq niyyətindədi.

Burukla İkardi arasındakı soyuq savaş Cənubi Amerika zonasından olan futbolçulara da təsir edib. Torreyra, Lemina və Sançesin oyununda da ciddi geriləmə var. 3-cü səbəb isə komandada qruplaşmaların yaranmağa başlamasıdı. Son matçın ardından Əbdülkərim Bardakcının ''biz futbolçular olaraq üzərimizə daha çox məsuliyyət götürməliyik'' açıqlaması diqqət çəkdi. Təcrübəli futbolçu əslində bu sözü ilə komandadakı bəzi əcnəbilərə mesaj göndərmiş oldu. Çünki bazada artıq ab-hava əvvəlki kimi deyil və yerlilərlə əcnəbilər arasında ünsiyyət səviyyəsi demək olar, sıfırdı.

Xüsusilə Muslera və Mertens kimi təcrübəli isimlərin ayrılmasının ardından komandada lider xarakterli futbolçunun olmaması müəyyən vaxtdan sonra öz sözünü deməyə başladı. Hər şeyə rəğmən rəhbərlik Okan Buruka güvənməkdə davam edir. İstefadan söhbət belə getmir. Başqan Dursun Özbək bu aralar bazaya daha tez-tez gələrək komanda ilə yaxından maraqlanmağa qərar verib. Onun qarşıdakı günlərdə açıqlamalar verərək Okan Buruka dəstək nümayiş etdirəcəyi gözlənilir.

Seçilən
21
1
football-plus.az

2Mənbələr