AZ

Azərbaycanda "İmmunlaşdırma həftəsi" keçiriləcək

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə uyğun olaraq, 2026-cı il aprelin 19-dan 25-dək respublikanın şəhər və rayonlarında "İmmunlaşdırma həftəsi" keçiriləcək. Oxuməni.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səhiyyə Naziri Teymur Musayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, "İmmunlaşdırma həftəsi" çərçivəsində hər hansı səbəbdən peyvənd olunmayan uşaqların peyvəndlənməsinə cəlb edilməsinin təşkili, peyvəndlənmə səviyyəsinin xüsusilə aşağı olduğu rayonlarda monitorinqlərin aparılması, uşaqların immunlaşdırılmasını həyata keçirən tibb müəssisələrinə metodik yardım göstərilməsi, həmçinin bu məsələlər barədə əhaliyə məlumat verilməsi nəzərdə tutulur.

"İmmunlaşdırma həftəsi" dövründə bir sıra rayonlarda silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Həmçinin, respublikanın tibb idarələrində və müəssisələrində əhali arasında yaymaq üçün müxtəlif posterlər və məlumat vərəqələri hazırlanıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa Regionunda hər il "İmmunlaşdırma həftəsi" keçirilir və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi də bu təşəbbüsə qoşulur.

Almaz Həsənli

Seçilən
13
oxumeni.az

1Mənbələr