ain.az bildirir, Azpolitika.az portalına istinadən.
Rusiya Dövlət Duması Prezident Vladimir Putinə xaricdə həbs olunan və ya təqibə məruz qalan Rusiya vətəndaşlarını qorumaq üçün ordudan istifadə imkanı verən qanun layihəsini ilk oxunuşda qəbul edib. Layihə müəllifləri bildirirlər ki, bu dəyişikliklər mövcud “Təhlükəsizlik haqqında” qanunun “inkişafı”dır.
RBK yazır ki, sənəd beynəlxalq məhkəmələrə qarşı mümkün addımlara hüquqi zəmin yarada bilər. Konkret nümunələrə gəlincə, Mariya Lvova-Belovanın Beynəlxalq Cinayət Məhkəməsi orderi ilə həbs riski və ya Avropa Şurası çərçivəsində yaradılması planlaşdırılan tribunalda rus hərbçilərinin təqibi göstərilir. “Kommersant” qəzeti isə yazır ki, bu norma “kölgə donanması” gəmilərinin müşayiəti və qorunmasına da tətbiq oluna bilər.
BBC Rus xidmətinin hərbi şərhçisi Pavel Aksyonov hesab edir ki, yeni qanun Rusiyanın yaxın zamanda NATO ölkələrinə hücum planı ilə bağlı deyil: “Bu, böyük qüvvələr tələb edir və Rusiyanın hazırda belə resursları hətta Ukraynadakı müharibə üçün belə yetərli deyil”. Onun fikrincə, yeni müharibə üçün əlavə səfərbərlik lazım olacaq, bu isə aylarla vaxt aparar və NATO-nun reaksiyasına səbəb olar. Aksyonov əmindir ki, Rusiya NATO ilə birbaşa müharibə istəmir.
“Deutsche Welle” radiosunun siyasi şərhçisi Konstantin Eggert isə qanunu daha çox siyasi və psixoloji alət kimi qiymətləndirir: “Bu, Rusiyanın Qərbə və NATO-ya qarşı apardığı psixoloji müharibənin bir hissəsidir”. Onun sözlərinə görə, belə təşəbbüslər formal olaraq Duma tərəfindən qəbul edilsə də, əslində Prezident Administrasiyasında hazırlanır və əsas məqsəd “fəallıq görüntüsü” yaratmaqdır. Eggert bildirir ki, sənəd ilk növbədə Baltik ölkələrinə mesajdır, lakin Kreml real olaraq Latviya, Litva, Finlandiya və ya Estoniyaya qarşı genişmiqyaslı əməliyyat planlaşdırmır. Ekspert qeyd edir ki, belə bir ssenaridə cavab son dərəcə sərt olar. Məsələn, Polşa artıq NATO-da ən böyük ordulardan birinə malikdir və Baltik ölkələrinə ilk dəstək verənlərdən biri ola bilər. Bundan başqa, Finlandiya, Norveç, Estoniya da belə bir addımı öz təhlükəsizliklərinə birbaşa təhdid kimi qiymətləndirəcək.
Ekspertlərin ümumi qənaətinə görə, Moskvada genişmiqyaslı müharibə planı yoxdur. Lokal təxribat ehtimalı istisna edilməsə də, Baltik regionu buna hazırdır və potensial risk nöqtələri artıq gücləndirilib. Eggert hesab edir ki, bu qanun daha çox “ehtiyat plan” rolunu oynayır: “Əgər Putin sabah sərt qərar versə, bunun hüquqi bazası əvvəlcədən hazır olsun”.
Onun fikrincə, sənəd eyni zamanda daxili auditoriyaya yönəlmiş təbliğatdır. Rusiya elitasının sovet dövründən ABŞ-dən “geri qalmamaq” kompleksi bu cür addımlarla kompensasiya olunur və cəmiyyətə “böyük güc” imici təqdim edilir.
Rasim Əliyev
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.