Britaniya lüks avtomobil istehsalçısının unikal, tək nümunəlik avtomobillər üçün o qədər çox müştərisi var ki, tələbatı qarşılamaq üçün tamamilə yeni bir bölmə yaratmalı olub.
Rolls-Royce Coachbuild Collection seriyası məhdud sayda əl ilə yığılan avtomobillərdən ibarətdir. Şirkət Project Nightingale (Bülbül Layihəsi) xüsusi model avtomobillərdən yaln;z 100 ədədini müştərilərə 2028-ci ildən etibarən təqdim edəcək və onları istəklərinə uyğun fərdiləşdirmək üçün birbaşa müştərilərlə işləyəcək. Bu barədə Britaniya avtomobil istehsalçısının saytında məlumat verilib. Yeni Coachbuild Collection seriyasının ilk modeli Project Nightingale həqiqətən heyrətamizdir. Project Nightingale öz fərdi və xüsusi kuzov və model xəttləri ilə başqa heç yerdə rast gəlinməyən unikal dizayn təqdim edir. Rolls-Royce Spectre ilə eyni platformada qurulan bu model iki elektrik mühərriki ilə təchiz olunub və ən azı standart Spectre kimi 577 at gücü və ya daha çox hasil edə bilər. Bu avtomobili xüsusi edən yalnız elektrik güc sistemi deyil. Project Nightingale əvvəlki fərdi modellərdən ilhamlanan açıq tavanlı möhtəşəm dizayna malikdir. O, 1920–1930-cu illərdə çox populyar olan Art Deco dövrünün Streamline Moderne dizayn prinsiplərindən istifadə edir. Avtomobil özü olduqca böyükdür — uzunluğu demək olar ki, Rolls-Royce Phantom modeli ilə eynidir. Lakin, Project Nightingale yalnız iki nəfərlikdir. O, həmçinin 24 düymlük nəhəng və gözəl təkərlərlə təchiz olunub ki, bu da indiyədək Rolls-Royce avtomobilində istifadə olunan ən böyük təkərlərdir.
Elektrik mühərrikli olduğu üçün ön radiator barmaqlığında hava girişləri və ya ventilyasiya dəlikləri yoxdur. Rolls-Royce kuzov səthinin tam fasiləsiz qalmasını istəyib və bu səth bir qədər geniş olan Pantheon barmaqlığı ilə birləşir. Barmaqlıq 24 şaquli alüminium elementdən ibarətdir və bəzi müasir Rolls-Royce modellərindən fərqli olaraq işıqlandırılmır. Ön hissədə ən maraqlı detal isə fara sistemidir. Bamperin hər iki tərəfində yerləşən ultra incə, şaquli formalı faralar tamamilə bu modelə məxsusdur. Rolls-Royce bildirir ki, bu faraları kütləvi istehsalda təkrarlamaq mümkün deyil, yəni növbəti Rolls-Royce modelində onları görməyəcəksiniz.
Bu konkret avtomobilin eksteryeri açıq mavi rəngdədir və boyaya incə qırmızı parıltılar əlavə olunub. Qırmızı ton 1920-ci illərin eksperimental prototiplərinə istinaddır və modelin üzərində olan nişanlarda da istifadə olunub. Boya ilə yanaşı, diqqətlə baxılmadıqda seçilməsi çətin olan mavi karbon lif örtüyü də bütün avtomobili əhatə edir. Salon ən azı xarici görünüş qədər dəbdəbəlidir. Oturacaqlar pastel Charles Blue dərisi ilə örtülüb. Açılıb-bağlanan yumşaq tavan isə açıq gümüş rəngdədir. Təbii ki, sabit tavan olmadığı üçün bu modeldə Rolls-Royce-un məşhur “ulduzlarla” bəzənmiş “Starlight” tavanı yoxdur. Bunun əvəzinə yeni Starlight Breeze Suite təqdim olunur. Bu sistem 10500 “ulduz”dan ibarətdir və qapı panellərindən başlayaraq oturacaqların arxasına qədər uzanaraq sürücü və sərnişini əhatə edir. Rolls-Royce Project Nightingale modelində istifadə olunan rəng və materialların çoxu mövcud olan digər Rolls-Royce modellərində olmayacaq.
Gözlənildiyi kimi, Project Nightingale modellərinin demək olar ki, hamısı artıq satılıb. Bəs qiyməti? Şirkətin tək nümunəlik avtomobilləri milyonlarla dollar dəyərindədirsə, Coachbuild Collection seriyasındakı 100 ədədlik model bir qədər daha ucuz olacaq — amma “bir qədər” dedikdə, yenə də bir milyon dollardan xeyli baha olduğu nəzərdə tutulur.
Nihad Haqverdiyev
Telegram kanalımız