AZ

Fransa Hörmüz boğazından keçid üçün rüsum ödəməyəcək

Paris, 16 aprel, AZƏRTAC

Fransa hökuməti gəmilərinin Hörmüz boğazından keçidi üçün heç bir rüsum ödəməyəcəyini qəti şəkildə bildirib və bunu beynəlxalq hüququn tam qorunması ilə izah edib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər iqtisadiyyat və maliyyə naziri Rolan Lekürün Vaşinqtondan verdiyi qeyri-müəyyən açıqlamalardan sonra yaranmış mübahisəni sakitləşdirmək məqsədilə səsləndirilib.

Hökumətin mətbuat katibi Mod Brejon BFMTV kanalına müsahibəsində anlaşılmazlıq doğuran vəziyyəti aradan qaldırmaq istədiklərini bildirib.

“Əlbəttə, həmişə olduğu kimi, keçid və gömrük haqqının ödənilməsinə qarşıyıq. Biz hər hansı məcburiyyət olmadan Hörmüz boğazında sərbəst hərəkəti dəstəkləyirik və müdafiə edirik” – deyə Brejon qeyd edib.

Bu açıqlama nazir Rolan Lekürün ABŞ-də “hər kəs ödəyir, Fransa da artıq keçid haqqı ödəyir” deməsindən sonra verilib. Bu bəyanat beynəlxalq strateji əhəmiyyətə malik boğazda Tehran tərəfindən bitərəfli olaraq rüsum tətbiq etmək cəhdləri fonunda qarışıqlıq yaratmışdı.

Brejon izah edib ki, nazir makroiqtisadi vəziyyətə işarə vurub: “Rolan Lekür əslində “biz artıq ödəyirik, fransızlar artıq ödəyirlər, iqtisadiyyatımız artıq Hörmüz boğazında baş verənlərin bədəlini ödəyir” deyib”.

Yelisey sarayının mövqeyində dəyişiklik olub-olmadığı barədə sual verildikdə isə mətbuat katibi bildirib: “Fransanın, Emmanuel Makronun mövqeyi dəyişməyib. Biz keçid haqqı ödəməyəcəyik, çünki bu, sadəcə beynəlxalq hüquqa tamamilə ziddir”.

Seçilən
20
2
azertag.az

3Mənbələr