AZ

"Azərbaycanda əhali sayı 8 milyon olacaq" - EKSPERT

Azərbaycanda təbii artımın sürətinin zəifləməsi müşahidə edilir. 2026-ci ilin yanvar-fevral ayları ərzində təbii artım 3919 nəfər olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 32,4 faiz azdır. Ötən ilin yanvar-fevral aylarında təbii artım 5510 nəfər olmuşdu. Son bir ildə əhalinin hər 1000 nəfərinə düşən təbii artım sürətinin 3,4 nəfərdən 2,3 nəfərə düşməsi qeydə alınıb.

 

Təbii artım sürətindəki mövcud azalma dinamikasını nəzərə alsaq, Azərbaycanda təbii azalmaya keçid nə zaman baş verə bilər?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, son 10 ildə Azərbaycanda əhalinin artım dinamikasının sürətlə azalması müşahidə edilir.

 

Onun sözlərinə görə, bu, müəyyən dövrdən sonra, əhalinin yaşlanmasına və eləcə də, ümumi sayının azalmasına gətirib çıxara biləcək bir faktordur:

 

“Məsələn, oxşar vəziyyət təqribən Azərbaycandan əhalisi bir qədər çox olan Belarusda, Rusiyada, Ukraynada yaşanır. Yəni postsovet ölkələri arasında, keçmiş Baltikyanı ölkələrdə və Rusiya, Ukrayna, Belarusda bu vəziyyət yaşanır.

Digər ölkələrin nisbətən müəyyən artım dinamikası uzun müddət müsbət qorunub saxlanılırdı. Azərbaycanın da Avropaya inteqrasiyası fonunda, yəni Avropa sistemində, fərdi dəyərlərin önə keçməsi fonunda, fərdi rifahın sosial dəyərə çevrilməsi fonunda, bu artımın azalması faktı çox sürətlə baş verir”.

 

Sosioloq qeyd edib ki, burada obyektiv və subyektiv amillər, iqtisadi faktorlar, daha yaxşı yaşamaq istəyi, eləcə də deyək ki, ailə dəyərlərinə olan mənfi təsirlər öz təsirini göstərir:

 

“Normalda dövlətin, cəmiyyətin sabit dinamik strukturu üçün ailədə 2 və daha artıq övladın olması mütləqdir. Bu, ailə planlanması baxımından ən optimal, ən real bir vəziyyətdir. Lakin son dövrlərdə Azərbaycan cəmiyyətində, əksəriyyət bir, maksimum iki övladla kifayətlənir. Bundan artığını əksəriyyət istəmir və bu artıq Azərbaycan cəmiyyətində kütləvi sirayət eləmiş bir faktordur.

Digər bir tərəfdən də, boşanmaların sayının artması, ənənədən uzaqlaşan münasibət formalarının müəyyən qədər cəmiyyətə sirayət etməsi öz sözünü deyir. İnsanlar əhəmiyyətli dərəcədə dəyərlərdən, davranışdan uzaqlaşaraq ənənəvi milli ailə modelindən uzaqlaşır, bir qədər qeyri-sabit davranışa və qeyri-ənənəvi münasibətlərə üstünlük verirlər. Bu da istər-istəməz həm əhalinin təbii artımına, həm də ümumi göstəricilərə sirayət edir. Təsadüfi deyil ki, bu məsələ artıq təhsil səviyyəsində də həyacan təbilinin çalınmasına gətirib çıxarır. Məsələn, bir müddət əvvəl Milli Məclis deputatlarından biri 50 min müəllimin ixtisarı faktının gündəmdə olduğunu bildirmişdi. Bu da yeni nəslin, yeni nikahların azalması müqabilində şagird sayının təbii azalması ilə bağlı olan bir faktordur”.

 

N.Niftəliyevin fikrincə, əgər bu proses belə davam edərsə və geri dönüş baş verməzsə, maksimum 15-20 ilə Azərbaycan əhalisinin sayı azalmağa başlayacaq, hətta say 10 milyondan aşağı düşəcək:

 

“50-60 ildən sonra əhali sayı 8 milyona qədər enə bilər. Belə bir tendensiya özü çox riskli və təhlükəlidir. Düşünürəm ki, dövlət və cəmiyyət səviyyəsində bu sosial təhlükəsizlik, demoqrafik inkişaf ilə bağlı müəyyən bir strategiya işlənib hazırlanmalıdır. Çünki əhalinin təbii artımı həm də təbii inkişaf və müsbət dinamika deməkdir.

Bu keçici bir tendensiyadır. Müəyyən bir zamandan sonra geniş ailə modelinə qayıdış və ailə dəyərlərinə kütləvi bir dönüş baş verəcək. Çünki bunun əksi cəmiyyətin həm sosial-mənəvi, həm iqtisadi sağlamlığına, həm də rifahına mənfi təsir göstərən tendensiyadır”.

Seçilən
10
ekologiya.az

1Mənbələr