“Hərəkət Et, Hiss Et, İrəlilə – Kapoeyra ilə Dəyiş!” layihəsi şagirdlərin fiziki və sosial inkişafına töhfə verməyə davam edir!
Təhsildə innovativ və inklüziv yanaşmaların tətbiqinə yönəlmiş “Hərəkət Et, Hiss Et, İrəlilə – Kapoeyra ilə Dəyiş!” layihəsinin əsas məqsədi şagirdlərin fiziki fəallığını artırmaq, onların bədən koordinasiyası, çeviklik və ritmik hərəkət bacarıqlarını inkişaf etdirməklə yanaşı, sosial ünsiyyət, komandada işləmək və özünəinam kimi vacib həyat bacarıqlarını gücləndirməkdir.
Layihə çərçivəsində təlimlər kapoeyra texnikaları əsasında təşkil olunub. Təlimlərdə ümumilikdə 20 nəfər şagird iştirak edib və proses sistemli şəkildə qurularaq həm fiziki, həm də sosial-emosional inkişafı hədəfləyib.
Təlim proqramına fiziki isinmə və elastiklik məşqləri, kapoeyra texnikaları (ginga, rasteira, negativa və s.), ritmik hərəkətlər və qrup oyunları daxil edilib. Bununla yanaşı, şagirdlərin sosial-emosional inkişafını dəstəkləmək məqsədilə hörmət, koordinasiya, özünüifadə və əməkdaşlıq kimi bacarıqları inkişaf etdirən interaktiv tapşırıqlar tətbiq olunub.
Layihə müddətində keçirilən təlimlər nəticəsində şagirdlərin həm fiziki hazırlıq səviyyəsində, həm də sosial davranış və ünsiyyət bacarıqlarında müsbət dəyişikliklər müşahidə olunub.
Təlimlərin yekunlaşmasından sonra məktəbdə şagirdlərin qazandıqları bilik və bacarıqları nümayiş etdirmələri üçün xüsusi tədbirin təşkili və layihənin bağlanış mərasiminin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, layihə Nəsimi rayonu 268 nömrəli xüsusi təhsil məktəbinin müəllimi Aliyə Əkbərova tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilir.








