AZ

Kahramanmaraşdakı liseydə silahlı hücumla bağlı terror aktı versiyası istisna edilib

Bakı, 16 aprel, AZƏRTAC

Türkiyənin prokurorluq orqanları Kahramanmaraş vilayətindəki liseydə baş verən hücumla bağlı aparılan istintaq zamanı terror aktı versiyasını istisna edib.

AZƏRTAC xəbər verir ki, ilkin məlumatlara əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları bir gün əvvəl doqquz nəfəri öldürən səkkizinci sinif şagirdi İsa Aras Mersinlinin cinayətkar təşkilatlarla əlaqəsinin olmadığı qənaətinə gəliblər.

Araşdırmalar, həmçinin Mersinlinin 2014-cü ildə Kaliforniyanın İsla Vista şəhərində altı nəfəri güllələyən amerikalı Elliot Rodgerin şəklini “WhatsApp” profilində paylaşdığını ortaya çıxarıb.

Bu arada, Kahramanmaraş məhkəməsi oğlanın atası, keçmiş polis məmuru Uğur Mersinlinin həbsinə qərar verib.

Eynin zamanda, Türkiyənin digər bir vilayətində - Zonquldakda bir lisey şagirdinin bir gün əvvəl “WhatsApp” qrupunda məktəbə hücum etməklə hədələyən mesaj göndərdiyinə görə həbs olunduğu bildirilib. Şagird əvvəllər sinifdə fişəng atdığına görə məktəbdən qovulmuşdu. Həmçinin aprelin 14-də Şanlıurfa vilayətinin Siverek rayonundakı liseydə baş verən hücumda iştirak etməkdə şübhəli bilinən 16 nəfər saxlanılıb.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Seçilən
22
1
azertag.az

2Mənbələr