AZ

Avropanın ABŞ-sız Hörmüz boğazını açma planı

Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Krallıq və Fransanın rəhbərlik etdiyi Avropa ölkələri müharibədən sonrakı dövrdə ABŞ-ın iştirakı olmadan Hörmüz boğazını açmağı planlaşdırırlar. Anonimlik şərti ilə “Wall Street Journal”a danışan mənbələr plana ABŞ, İsrail və İranın daxil olmayacağını bildirirlər.

Hafta.az yazır ki, onlar eyni zamanda, Böyük Britaniya ilə yanaşı, Almaniyanın da Hörmüz boğazının açılması planında iştirak edəcəyini deyirlər.

Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keyr Starmer bu gün Parisdə keçiriləcək görüşdə müharibədən sonrakı dövrdə Hörmüz boğazının təhlükəsizliyini təmin etmək planlarını müzakirə edəcəklər. Bildirilir ki, digər ölkələrin də videokonfrans vasitəsilə qatılacağı tədbir üçün Çin və Hindistana dəvətnamələr göndərilib, lakin onların iştirakı hələ təsdiqlənməyib.

Mənbələrə görə, Fransa hökuməti ABŞ-ın prosesə cəlb olunmasını istəmir, çünki bu, Tehranın iştirakdan çəkinməsinə səbəb olacaq. Digər tərəfdən, Böyük Britaniya hökuməti iddia edir ki, Vaşinqtonun plandan kənarlaşdırılması əməliyyatın əhatə dairəsini məhdudlaşdıra bilər.

Avropa tərəfindən üzərində işlənilən planın üç əsas məqsədi var. Birincisi, hazırda Hörmüz boğazında qalan yüzlərlə gəminin ərazini tərk etməsinə imkan verən zəruri logistika infrastrukturunun yaradılması. İkincisi, gəmilərin boğazın daha geniş hissəsindən istifadə etməsinə imkan verən mina təmizləmə əməliyyatlarının aparılmasını nəzərdə tutur. İnqilab Keşikçiləri 28 fevralda ABŞ-İsrail hücumları ilə başlayan müharibə zamanı Boğazın bəzi ərazilərinə minalar yerləşdirmişdi.

Analitiklərə görə, Avropanın mina təmizləmə əməliyyatları üçün ABŞ-dan daha çox resursu var. ABŞ mina təmizləmə donanmasını əsasən sıradan çıxarsa da, Avropa qüvvələrinin 150-dən çox gəmisi var.

Planın əsas məqsədi gəmiçilik şirkətlərini Hörmüz boğazından keçidin təhlükəsiz olduğuna əmin etməkdir. Buna müntəzəm hərbi müşayiət, freqat və esmineslər vasitəsilə müşahidə yolu ilə nail olunacaq.

11-12 aprel tarixlərində Vaşinqtonla Tehran nümayəndə heyətləri arasında aparılan danışıqlarda razılığa gəlinməməsindən sonra ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının blokadaya alınması əmrini verdi.

Tramp dünənki açıqlamasında İranla danışıqların iki gün ərzində bərpa oluna biləcəyini irəli sürsə də, Ağ Ev blokadanı daha da sərtləşdirir.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) blokadanın İranın iqtisadi fəaliyyətinin 90%-ni dayandırdığını iddia etmişdi.

Tramp NATO və Körfəz ölkələrinin Hörmüz boğazını bağlayan ABŞ Hərbi Dəniz Qüvvələrini dəstəkləyəcəyini iddia etmişdi.

Lakin NATO müttəfiqləri, əsasən Böyük Britaniya və Fransa, blokadanı dəstəkləyərkən münaqişələrdə iştirak etməyəcəklərini bildiriblər.

Starmer "Biz blokadanı dəstəkləmirik" deyib, Makron isə Hörmüz boğazındakı vəziyyəti normallaşdırmaq üçün "çoxmillətli missiya"nın yaradıldığını elan edib.

Seçilən
10
hafta.az

1Mənbələr