AZ

“Akademik Zərifə Əliyevanın sağlığında əsasını qoyduğu ənənələr davam etdirilir”

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bu gün görkəmli alim, akademik və oftalmologiya elminin inkişafında böyük xidmətləri olan Zərifə Əliyevanın vəfat günüdür. Onun Azərbaycan tibb elminə verdiyi töhfələr bu gün də xatırlanır. Onun xatirəsi hər il hörmətlə yad edilir.Bəs akademik Zərifə Əliyevanın elmi fəaliyyəti bu gün oftalmologiyada necə davam etdirilir?

Tibb üzrə fəlsəfə doktoru həkim-oftalmoloq Aynurə Əliyeva Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda ilk dəfə olaraq Göz Xəstəlikləri İnstitutu səyyar klinikalar vasitəsilə xidmət göstərməyə başlayıb: “Zərifə xanımın bünövrəsini qoyduğu oftalmoloji inkişaf bu gün də sürətlə davam edir. Həm dövlət proqramları çərçivəsində, həm də Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi layihələr vasitəsilə mühüm işlər görülür. Bu layihələrdən biri də səyyar klinikalardır. Demək olar ki, Azərbaycanda ilk dəfə olaraq Göz Xəstəlikləri İnstitutu səyyar klinikalar vasitəsilə respublikanın müxtəlif bölgələrində xidmət göstərməyə başlayıb. Zərifə Əliyeva sağlığında müxtəlif regionlarda oftalmoloji yardımlar göstərirdi, bu ənənə bu gün də səyyar klinikalar vasitəsilə davam etdirilir".

Aynurə Əliyeva deyib ki, Milli Oftalmologiya Mərkəzinin həm təkərlər üzərində fəaliyyət göstərən səyyar klinikaları, həm də dəmir yolu üzərində qurulmuş səyyar klinikası mövcuddur: "Bu klinikalar növbəli şəkildə müxtəlif rayonlarda fəaliyyət göstərərək əhaliyə oftalmoloji müayinələr aparır”.

Aynur Əliyeva vurğulayıb ki, Zərifə xanımın düzgün diaqnoz üsulları nəticəsində bu gün traxoma xəstəliyi, demək olar ki, aradan qalxıb: “Traxomanın öyrənilməsi və müalicəsinin tapılmasında, tanınmasında Sovet dövründə Zərifə Əliyevanın xüsusi rolu olub. Onun və həmkarlarının savadlı yanaşması, vaxtında qoyulan düzgün diaqnoz və tətbiq edilən müalicə üsulları nəticəsində bu gün traxoma xəstəliyi, demək olar ki, aradan qalxıb. Az-az hallarda rast gəlinən bu xəstəliyə müasir müalicə üsulları tətbiq olunur. Bu gün oftalmologiya sahəsində yaranan yeniliklər də məhz Milli Oftalmologiya Mərkəzində tətbiq edilir. Bunun əsas səbəbi həm bu nüfuzlu elm xadiminin adını daşıması, həm də dövlət dəstəyinin olmasıdır. Dövlətin məqsədi budur ki, Milli Oftalmologiya Mərkəzi xarici ölkələrdə fəaliyyət göstərən qabaqcıl tibb müəssisələrindən geri qalmasın və dünyada tətbiq olunan yeniliklər qısa müddət ərzində ölkəmizdə də istifadə olunsun. Məsələn, bizə lazım olan diaqnostik və ya müalicə ilə bağlı ağır, ən vacib və mürəkkəb hallarda, hətta hüceyrə səviyyəsində müayinə və müalicə tələb olunduqda biz həmişə Milli Oftalmologiya Mərkəzinə üstünlük veririk. Hərçənd özəl klinikalarda bu imkanlar olur. Əlimizin altında müəyyən diaqnostik avadanlıqlar olmadıqda xəstələri mütləq həmin Mərkəzə yönləndiririk. Bu da Zərifə xanımın qoyduğu irsi davam etdirən oftalmoloqların, eləcə də, başda respublikanın baş oftalmoloqu Elmar Qasımov olmaqla onun komandasının səyi nəticəsində mümkün olur. Onun müəyyən etdiyi yol uğurla davam etdirilir və bu gün biz dünya səviyyəsində fəaliyyət göstəririk".

Aynurə Əliyeva həmçinin deyib: "Həyatda çətin və çıxılmaz vəziyyətlərlə qarşılaşdıqda, Zərifə Əliyevanın bizə öyrətdiyi komanda şəklində işləmək prinsipi bu gün də davam edir. Milli Oftalmologiya Mərkəzi ilə daim əlaqədəyik, xəstələrin taleyini əsas götürərək sıx əməkdaşlıq edirik. Oradakı kollektivin bütün üzvlərinə böyük hörmətlə yanaşıram və münasibətlərimiz bu gün də davam edir. Xəstələri Milli Oftalmologiya Mərkəzinə gözüyumulu etibar edirəm".

Sonda Aynurə Əliyeva əlavə edib: "Bəzi adamlar, xüsusilə bəzi poliklinika həkimləri bu Milli Oftalmologiya Mərkəzinin fəaliyyətini tam bilmədikləri üçün onun haqqında yanlış fikir formalaşdırırlar. Halbuki, orada mövcud olan avadanlıq və şərait, demək olar ki, bir çox özəl klinikalarda yoxdur”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
53
bizimyol.info

1Mənbələr