AZ

Milli Məclisin sədri: Daha bir qlobal tədbirə ev sahibliyi etməsi Azərbaycana olan etimadın növbəti təzahürüdür  

COP29-dan sonra daha bir qlobal tədbirə - Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi etmək Azərbaycanın ümumi çağırışlar qarşısında birgə səyləri birləşdirmək bacarığına göstərilən etimadın növbəti təzahürüdür.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin 5-ci Konfransında çıxışı zamanı bildirib.

Qeyd olunub ki, cari ilin may ayında Bakıda keçiriləcək sessiya "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunacaq. Bu forum sürətli urbanizasiya ilə bağlı problemlərin həlli və bunun şəhərlərə, milli iqtisadiyyatlara və iqlim dəyişikliyinə təsirinin qiymətləndirilməsi məqsədilə yaradılmış yüksəksəviyyəli beynəlxalq platformadır.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əvvəllər işğal altında olan və tamamilə dağıdılan Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti və bərpa layihələri həyata keçirir. Həmin ərazilərdə yeni yaşayış məntəqələri, nəqliyyat, enerji və iqtisadi infrastruktur qabaqcıl şəhərsalma prinsipləri əsasında qurulur və burada “yaşıl enerji zonası”, “ağıllı şəhər” və “sıfır tullantı” kimi innovativ konsepsiyalar tətbiq olunur. Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı ilə tərəfdaşlıq çərçivəsində təşkil olunmuş üç milli şəhər forumu təcrübə və yeni təşəbbüslərin paylaşılması üçün mühüm platforma rolunu oynayıb və bu sahədə əməkdaşlığın gücləndirilməsinə töhfə verib.

Bildirib ki, Ümumdünya Şəhərsalma Forumunun13-cü Sessiyası Yeni Şəhər Gündəliyinin icrasının aralıq qiymətləndirilməsi olacaq. Bu tədbirdə son onilliyə nəzər salınacaq və 2036-cı ilə qədər prioritetlər müəyyənləşdiriləcək. Spiker bütün üzvləri Forumun gündəliyində fəal iştirak etməyə və sürətli urbanizasiya ilə bağlı problemlərin həllində onun nəticələrini diqqətlə nəzərdən keçirməyə, gələcəyin şəhərlərinin inklüziv, dayanıqlı olması və ən əsası hər bir vətəndaş üçün layiqli yaşayış şəraitinin təmin olunması üçün birgə fəaliyyətə səsləyib.

Seçilən
0
3
azerbaijan-news.az

10Mənbələr