ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 2026 FİFA Dünya Çempionatı yaxınlaşdıqca İran millisinin ətrafındakı müəmmalar artmaqdadır. ABŞ-la İran arasındakı gərginliyin fonunda cənub qonşumuzun mundiala qatılıb-qatılmayacağı ciddi şəkildə müzakirə olunur.
Rəsmi Tehranın açıqlamaları göstərir ki, qərar sırf idman meyarları ilə deyil, mövcud geosiyasi vəziyyət, xüsusilə ABŞ və İsrail ilə münasibətlərin dinamikası fonunda veriləcək.
İran millisi mundialdan kənarda qala bilərmi? Əgər belə olarsa onu hansı ölkə əvəz edəcək? Bu qeyri-müəyyənlik futbolçuların psixoloji durumuna necə təsir edir və ABŞ-da keçiriləcək oyunlar zamanı komanda hansı təzyiqlərlə üzləşə bilər?
Görünən odur ki, İranın DÇ-dən imtina etməsi və ya kənarda qalması ehtimalı tam istisna deyil. Lakin bu ssenari yalnız ciddi təhlükəsizlik riskləri və ya siyasi qərar fonunda reallaşa bilər. Belə bir halda əvəzləyici komanda məsələsi FİFA tərəfindən müəyyənləşdiriləcək və böyük ehtimalla seçim eyni konfederasiya – Asiya zonası üzrə aparılacaq. Bu kontekstdə seçmə mərhələdə İranın arxasında qərarlaşan komandalar – məsələn, Cənubi Koreya, Yaponiya kimi artıq vəsiqə qazananlardan əlavə, növbəti yerlərdə qərarlaşan Avstraliya, Səudiyyə Ərəbistanı və ya pley-off iştirakçıları potensial namizədlər kimi ön plana çıxa bilər.
Başqa bir ehtimal isə konfederasiyalararası pley-off xətti ilə növbəti ən güclü komandanın turnirə cəlb olunmasıdır.
Digər tərəfdən, qeyri-müəyyənlik faktorunun komandanın psixologiyasına təsiri kifayət qədər ciddi ola bilər. Peşəkar idmanda stabil hazırlıq mühiti əsas şərtlərdən biridir və belə geosiyasi gərginlik fonunda oyunçuların diqqətini yalnız futbola yönəltməsi çətinləşir. Bu isə həm hazırlıq prosesində, həm də oyun performansında özünü göstərə bilər. Xüsusilə böyük turnirlərdə psixoloji dayanıqlıq nəticəyə birbaşa təsir edən amillərdəndir.
Əgər İran millisi mundialda iştirak edərsə, oyunların əsas hissəsinin ABŞ-da keçirilməsi əlavə təzyiq elementləri yarada bilər. Tribunalardakı münasibət, mediada fon və ümumi ictimai-siyasi atmosfer futbolçular üzərində müəyyən psixoloji yük formalaşdıra bilər. Bununla belə, beynəlxalq yarışlarda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkili və FİFA-nın nəzarəti altında bütün komandalar üçün bərabər şəraitin yaradılması belə riskləri minimuma endirməyə yönəlib.
Nəticə etibarilə, İran millisinin 2026 FİFA Dünya Çempionatına qatılıb-qatılmayacağı hələlik açıq qalır. Lakin istənilən halda bu məsələ idmanla siyasətin necə sıx şəkildə iç-içə keçdiyini və böyük turnirlərin yalnız meydanda deyil, meydandan kənarda da formalaşdığını bir daha nümayiş etdirir.
Cavanşir Abbaslı
Musavat.com