AZ

Ət yemək insanlarda demensiya riskini azalda bilər

İsveçdə aparılan yeni bir araşdırma göstərib ki, daha çox ət yemək demensiya riskinin azalması ilə əlaqəli ola bilər. Lakin bu nəticə yalnız “APOE4” gen variantına sahib olan insanlarda müşahidə olunub.

Tədqiqat İsveçin Karolinska İnstitutu və Stokholm Universitetinin alimləri tərəfindən aparılıb. Araşdırma çərçivəsində 60 yaşdan yuxarı 2157 nəfər 15 il ərzində izlənilib. İştirakçıların qidalanma vərdişləri onların yaddaş testləri və demensiya diaqnozları ilə müqayisə edilib. 

Nəticələrə görə, “APOE4” genini daşıyan və daha çox ət yeyən şəxslərdə demensiyaya tutulma ehtimalı xeyli aşağı olub, həmçinin yaddaş zəifləməsi daha yavaş gedib. Bununla yanaşı, alimlər qeyd edirlər ki, emal olunmuş ətin daha az istehlakı ümumilikdə daha aşağı demensiya riski ilə əlaqəlidir. Xüsusilə, qırmızı ət və quş əti kimi emal olunmamış ət növləri daha faydalı görünür.

Mütəxəssislər vurğulayırlar ki, bu araşdırma müşahidə xarakterlidir. Yəni nəticələr əlaqə göstərir, lakin səbəb-nəticə sübut etmir. Başqa sözlə, daha çox ət yeməyin demensiyanın qarşısını aldığı hələ tam sübut olunmayıb. 

Araşdırma “JAMA Network Open” jurnalında dərc olunub.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
33
azerbaijan-news.az

1Mənbələr