AZ

Mayelərin bərk maddələr kimi “partlaya” bildiyi aşkarlanıb

ABŞ-də Dreksel Universiteti və “ExxonMobil” tədqiqatçılarının apardığı yeni araşdırma fizika dünyasında gözlənilməz nəticə ortaya çıxarıb. Alimlər müəyyən şəraitdə sadə mayelərin də bərk maddələr kimi qəfil qırılıb parçalanma nöqtəsinə çata bildiyini müəyyən ediblər.

Araşdırma zamanı yüksək özlülüyə malik mayelər iki metal lövhə arasında yerləşdirilib və onlara güclü dartılma qüvvəsi tətbiq olunub. Təcrübələr zamanı mayenin qəfil çatlaması güclü səs effekti ilə müşahidə edilib. Alimlər əvvəlcə bunun laboratoriya avadanlığında nasazlıq olduğunu düşünsələr də, təcrübələri bir neçə dəfə təkrarladıqdan sonra nəticələrin doğru olduğu təsdiqlənib.

Tədqiqatçılar bildirirlər ki, maye müəyyən “kritik gərginlik” nöqtəsinə çatdıqda artıq axıcı xüsusiyyətini itirərək bərk cisim kimi sınır. Bu hadisə, xüsusilə qatrana bənzər və yüksək özlülüyə malik mayelərdə müşahidə olunub. Bu kəşf sadəcə sınaqdan keçirilən mayelərlə məhdudlaşmır. Eyni davranışın su və yağ kimi gündəlik mayelərdə də müəyyən şərtlər altında baş verə biləcəyi ehtimal olunur.

Araşdırmanın nəticələri 3D çap, yumşaq robototexnika, lif istehsalı və bioloji sistemlərin öyrənilməsi kimi sahələr üçün mühüm əhəmiyyət kəsb edir. Tədqiqatın nəticələri “Physical Review Letters” jurnalında dərc olunub.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
64
azerbaijan-news.az

1Mənbələr