AZ

Azərbaycanın çoxvektorlu xarici siyasəti sabit inkişafı təmin edir - ŞƏRH

Bakı, 15 aprel, AZƏRTAC

Azərbaycanın şimalında və cənubunda davam edən müharibələr regionda yerləşən dövlətlərə o cümlədən Azərbaycana da təsir edir. Hətta təxribatlar törədərək Azərbaycanı da bu münaqişəyə cəlb etməyə cəhd göstərdilər. Lakin rəsmi Bakının siyasi xətti və çoxvektorlu xarici siyasət onun sabit inkişafını təmin edir.

Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı professor Çingiz Axundov deyib.

Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Azərbaycan öz torpaqlarını işğaldan azad edərək dünya ictimaiyyətinə gücünü göstərdi.

“Regionda yaranan şərait qonşu dövlətlərə də sərmayə yatırmaq üçün geniş biznes mühiti yaratdı. ABŞ-nin Zəngəzur dəhlizinə maraq göstərməsi və Vitse-prezidentin ölkəmizə səfəri təsadüfi xarakter daşımırdı. Azərbaycanın öz ərazisindən Ermənistana yük daşımağa icazə verməsi isə rəsmi Bakının yalnız sülh və qarşılıqlı faydalı əməkdaşlıq istəyində olduğunu sübuta yetirdi. Bütün bunlar Azərbaycanın beynəlxalq imicini yüksəltdi və tərəfdaşlıq etmək istəyənlərə zəmin yaratdı. Prezident İlham Əliyevin həyata keçirilən praqmatik xarici siyasət kursu Azərbaycanın münaqişələrdən kənarda qalmasını təmin etdi. Azərbaycanda həyata keçirilən və beynəlxalq əhəmiyyətə malik olan bütün iqtisadi layihələr siyasi sabitliyin zəmanəti rolunda çıxış etdi. İstər Cənub Qaz Dəhlizi, istər Orta Dəhliz, istəsə də Mərkəzi Asiya-Avropa Yaşıl Enerji Dəhlizi və Bakı-Tbilisi-Qars dəmir yolu təkcə biznes maraqlarının ödənilməsi üçün imkan deyil, həmçinin siyasi mahiyyətə malikdir”, - deyə Çingiz Axundov vurğulayıb.

Professor əlavə edib ki, Azərbaycan əksəriyyəti Avropa olmaqla 16 ölkəyə qaz ixrac edərək qitənin enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır: “Digər tərəfdən Orta Dəhliz Çin ilə Şərqi və Qərbi Avropanın ticarət əlaqələrini asanlaşdırır və artırır, tranzit nəqliyyatı təmin edir və bunun üçün böyük infrastruktur yaradır. Bütün bunlar Azərbaycanı həm Şərq, həm də Qərb üçün əvəzolunmaz strateji tərəfdaşa çevirib. Qərb üçün enerji Şərq üçün isə nəqliyyat təminatçısı olan Azərbaycan özünə siyasi zəmanət qazanıb və heç bir tərəf Azərbaycanda sabitliyin pozulmasında maraqlı ola bilməz”.

Seçilən
3
1
azertag.az

2Mənbələr