"Azərbaycan ümumbəşəri dəyərləri əsas götürərək bütün dünya dövlətləri ilə bərabərhüquqlu əsaslarla, beynəlxalq hüququn tanınmış normalarında əks olunan prinsiplər əsasında əməkdaşlıq edir, münasibətlər qurur. Xüsusilə, yürütdüyümüz çoxvektorlu xarici siyasət Azərbaycanın son illərdəki uğurlarının əsasını təşkil edir. Afrika ölkələri ilə də Azərbaycanın çox uğurlu münasibətləri qurulmaqdadır. Məlumdur ki, Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etdi. Uzun illərdir, Qoşulmama Hərəkatının üzvüyük. Bu çərçivədə bir sıra Afrika ölkələri ilə çox yaxın münasibətlər qurulub. Hətta 2020-ci ildə başlanan pandemiya dönəmində Azərbaycan bir çox Afrika ölkələrinə yardımlar etdi. Təbii ki, bu münasibətlər indi də inkişaf etməkdədir. Bəzən "Afrika ölkələri bir çox sahələrdə geridə qalıblar" deyilsə də, nəzərə almaq lazımdır ki, Afrika ölkələrinin böyük əksəriyyəti çox geniş zəngin təbii ehtiyatlara, sərvətlərə malikdir".
Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Kamerun parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzuxan Əlizadə deyib.
Deputat bildirib ki, Afrika ölkələrinin gənc dövlət kimi böyük perspektivləri var: "Ümumilikdə, bu dövlətlərlə münasibətlər Azərbaycan xarici siyasətinin prioritetini təşkil edir. Azərbaycan 2011-ci ildə Afrika İttifaqı yanında da müşahidəçi statusuna malikdir. Afrika ölkələri ilə neft-qaz, enerji resursları, investisiya sahələrində də əməkdaşlıq perspektivləri istiqamətində işlər həyata keçirilir. Bir sıra layihələr də gerçəkləşmək üzrədir. Təhsil, səhiyyə, müdafiə sənayesi və s. sahələrdə əlaqələr qurulmaqdadır. Somali və Efiopiya ilə daha yaxın münasibətlər var. Efiopiya ilə hərbi əməkdaşlıq sahəsində addımların atılması gözlənilir. Yaddan çıxarmayaq ki, bu əlaqələrin sayəsində dünya dövlətləri ilə bərabərhüquqlu, çoxvektorlu siyasətin nəticəsi olaraq 2020-ci ildə başlamış Vətən müharibəsi dönəmində Azərbaycana qarşı çox böyük güclər ayağa qalxmışdı. Fransa başda olmaqla, bir sıra güc dövlətləri məsələni BMT Təhlükəsizlik Şuranının iclasına qədər daşıyıb aparmaq və orada Azərbaycanın öz ərazilərini işğaldan azad etmə hərəkatının qarşısını almaq istiqamətində qərarlar çıxarmağı hədəfləyirdilər. O zaman da Qoşulmama Hərəkatında təmsil olunan, BMT Təhlükəsizlik Şurasının daimi üzvü Böyük Britaniya başda olmaqla, Azərbaycanla yaxın münasibətlərdə olan bir sıra Afrika ölkələri də həmçinin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq prosesdə Azərbaycanın lehinə dəstək verirdilər. Bu əməkdaşlıq kontekstində həm də yürütdüyümüz dostluq münasibətlərinin qarşılığını görmüş olduq. Bu əməkdaşlıq perspektivləri bir qədər də genişlənməkdədir. Bundan sonra da Afrika ölkələri ilə əlaqələr genişləndirilməlidir. Azərbaycan müstəmləkədən azad olunan Afrika ölkələrinə də yardımlar verməkdədir. Fransa müstəmləkəsində olan Afrika ölkələri Azərbaycanın dəstəyindən yararlanmaqla azadlıq mübarizələrini aparmaqdadırlar. Bu da Azərbaycanın beynəlxalq nüfuzunu artıran amillərdəndir".
Aytəkin Qardaşova