AZ

Rizvan Nəbiyev: Minalar işğaldan azad edilmiş torpaqlara geri qayıdış prosesini və infrastruktur layihələrinin icrasını ləngidir

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azad edilmiş ərazilərdə mina problemi bərpa və məskunlaşma prosesinə ciddi təsir göstərməkdə davam edir. Mütəxəssislərin ümumi qiymətləndirmələrinə görə, həmin ərazilər minlərlə mina və partlamamış hərbi sursatla çirklənmiş vəziyyətdə qalır. Bu təhlükə nəticəsində indiyədək 400-dən çox insan müxtəlif dərəcədə zərər görüb və ya həyatını itirib. Mövcud vəziyyət həm təhlükəsizlik baxımından, həm də infrastruktur layihələrinin icrası üçün ciddi maneələr yaradır. Bu fonda regionun sosial və iqtisadi reinteqrasiyası prosesində ləngimələr qaçılmazdır.

Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bərpa və məskunlaşmaya mina təhlükəsinin birbaşa təsiri var. Təhlükəsizlik riskləri bütün istiqamətlərdə fəaliyyəti çətinləşdirir.

Rizvan Nəbiyev

“Minalar mülki əhali üçün daimi təhlükə mənbəyidir. Bu, məcburi köçkünlərin geri qayıdışını ləngidir və sosial sabitliyi zəiflədir. Yol, enerji və su infrastrukturu layihələri yalnız ərazilər tam təmizləndikdən sonra icra oluna bilər. Bu isə layihələrin icra müddətini uzadır, dövlət xərclərini artırır. Kənd təsərrüfatı və digər iqtisadi fəaliyyət sahələri mina təhlükəsi səbəbilə tam potensialına uyğun istifadə oluna bilmir”, – deyən deputat vurğulayıb ki, bu, regionun iqtisadi reinteqrasiyasını da ləngidir.

Deputatın fikrincə, mina probleminin həlli yalnız milli səviyyədə deyil, beynəlxalq humanitar gündəlik çərçivəsində də qiymətləndirilməlidir.

Effektiv həll üçün aşağıdakı istiqamətlər vacibdir:beynəlxalq donorların daha fəal cəlb edilməsi,minatəmizləmə texnologiyalarına investisiyanın artırılması,beynəlxalq təşkilatlarla koordinasiyanın gücləndirilməsi,mina probleminin qlobal humanitar platformalarda daha aktiv şəkildə qaldırılması.

“Məlumdur ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən müəyyən edilmiş 17 Dayanıqlı İnkişaf Məqsədi mövcuddur və hər bir dövlət, o cümlədən Azərbaycan Respublikası bu məqsədlər əsasında öz milli inkişaf prioritetlərini formalaşdırıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə humanitar minatəmizləmə 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi irəli sürülüb. Bu yanaşma mina probleminin təkcə regional deyil, qlobal humanitar çağırış kimi qəbul edilməsinin vacibliyini ortaya qoyur. Hazırda dövlət başçısının tapşırığına uyğun olaraq Azərbaycan diplomatiyası beynəlxalq platformalarda humanitar minatəmizləmənin qlobal səviyyədə dayanıqlı inkişaf məqsədi kimi tanınması istiqamətində fəal iş aparır”, – deyə deputat bildirib.

Rizvan Nəbiyev hesab edir ki, digər mühüm məqam ondan ibarətdir ki, mina terroru yalnız insan həyatına deyil, eyni zamanda mədəni irsə, ətraf mühitə və bütün canlı aləmə də ciddi təhlükə yaradır. Deputatın fikrincə, bu baxımdan mina problemi çoxşaxəli, kompleks və uzunmüddətli fəsadlara malik təhlükə kimi qiymətləndirilir: “Azərbaycan dövləti bu reallığı nəzərə alaraq, mümkün olan bütün istiqamətlər üzrə sistemli fəaliyyət göstərir. Bu istiqamətlərdən biri də minaların mədəni irs obyektlərinə vurduğu ziyanın beynəlxalq səviyyədə tanınması və sənədləşdirilməsidir”.

“Məlum olduğu kimi, 1954-cü ildə “Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında” Haaqa Konvensiyası qəbul edilib. 2023-cü ildə Haaqa Konvensiyasına Tərəf dövlətlərin 15-ci beynəlxalq toplantısında Azərbaycan Prezidentinin təlimatına uyğun olaraq aparılan məqsədyönlü fəaliyyət nəticəsində “Minaların mədəni irsə təsiri” ilə bağlı xüsusi qətnamə qəbul edilib. Bu sənəd mina terrorunun mədəni irsə vurduğu dağıdıcı təsirin beynəlxalq hüquqi müstəvidə tanınması baxımından mühüm əhəmiyyət daşıyır və Azərbaycanın bu sahədə qlobal təşəbbüskar rolunu bir daha nümayiş etdirir”, – deyə Rizvan Nəbiyev qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
bizimyol.info

1Mənbələr