AZ

İrana HÜCUM Ermənistanı “vurdu” – Bakıdan “xilas kəməri”

“Ermənistan Cənubi Qafqaz ölkələri arasında İranla müharibənin nəticələrinə ən həssas və zəif ölkə olduğunu sübut edib”. Bu barədə Əbu-Dabidə yerləşən və müstəqil beyin mərkəzi olan FARAS-ın münaqişənin regiona təsiri ilə bağlı hesabatında deyilir.

Mərkəz qeyd edir ki, Ermənistan ticarətinin təxminən 25%-i əsasən Bəndər Abbas limanından, yəni İrandan keçir. Bununla belə, praktik olaraq alternativ yollar yoxdur: şərqdə Azərbaycanla, qərbdə isə Türkiyə ilə sərhəd bağlı qalır. Ticarətdən başqa, münaqişə enerji dəhlizləri, sərhəd təhlükəsizliyi və potensial miqrasiya axınları üçün risk yaradır. Eyni zamanda, FARAS qeyd edir ki, müharibə Ermənistan üçün müsbət prosesləri sürətləndirə bilər.

Analitiklərin fikrincə, regional qeyri-sabitlik təhlükəsi İrəvan və Bakını yekun razılaşmaya və sərhədlərin açılmasına, Ankaranı isə Ermənistanla münasibətlərin tam normallaşmasına doğru itələyəcək. Azərbaycan Türkiyə üçün əsas stimul Ermənistan ərazisindən keçən "Tramp yolu"dur (TRIPP): o, enerji, nəqliyyat və rəqəmsal şəbəkələrə inteqrasiya vəd edir və bu ölkələri regional mərkəzə çevirə bilər.

Bəs bu reallıq İrəvanda nə dərəcədə dərk edilir? İranın vəziyyətini anlayıb Azərbaycan və Türkiyə ilə əlaqələri dəyərləndirə biləcəkmi?

Ceyhun

Deputat Ceyhun Məmmədov Musavat.com-a bildirib ki, regionda gedən proseslərdən Ermənistan ciddi nəticə çıxarmalıdır. Ermənistanın başqa yolu yoxdur: “Ermənistanın bir yolu var. O da Azərbaycanla və Türkiyə ilə münasibətlərin qurulması, əlaqələr yaratmasıdır. Onlar bu reallığı anlayacaqlarsa, düzgün dəyərləndirəcəklərsə, gələcəklərini qarantiya altına almış olacaqlar. Ermənistan bunu anlamalıdır. Azərbaycan və Türkiyə, əslində, əlini uzadıb Ermənistana bu imkanı yaradıb. Ermənistan bu imkandan, bu fürsətdən düzgün yararlanmalıdır. Ümid etmək olar ki, Ermənistanda 7 iyun seçkilərinin nəticələri buna gətirib çıxaracaq”.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
15
1
musavat.com

2Mənbələr