AZ

Autizm yalnız danışıq problemi deyil - Loqopeddən vacib açıqlama

"Autizmli uşaqlarda yalnız nitq deyil, davranış, emosional vəziyyət və sosiallaşma da əsas rol oynayır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin aparıcı loqopedi Aygün Ələkbərova deyib.

Onun sözlərinə görə, bəzən uşaqlarda nitq normal olsa da, digər sahələrdə autizmə xas əlamətlər müşahidə oluna bilər:

“Autizm təkcə kommunikasiya ilə məhdudlaşmır. Burada uşağın sosiallaşması, emosiyaları və davranışları da böyük əhəmiyyət daşıyır. Bəzən görürük ki, uşaq danışır, ünsiyyətdə problem yoxdur, amma davranış və sosial sahədə autizmə xas simptomlar özünü göstərir”.

A.Ələkbərova qeyd edib ki, bəzi uşaqlar yüksək potensiala malik olur və düzgün yanaşma ilə tam inkişaf edə bilir:

“Bəzi uşaqların potensialı çox yüksək olur. Doğru müdaxilə və dəstək olduqda onlar tam inkişaf edərək sağlam nitq səviyyəsinə çata bilirlər. Bu, onların gələcək həyatına da müsbət təsir edir”.

Loqoped vurğulayıb ki, loqopedik müdaxilə bir çox hallarda effektiv nəticə verir:

“Minlərlə uşaq var ki, loqopedə müraciətdən sonra onların kommunikativ funksiyasında və nitq qüsurlarında ciddi irəliləyiş əldə olunub, hətta bu problemlər tam aradan qalxıb. Bu uşaqlar sonradan məktəbdə, universitetdə təhsil alır və cəmiyyətə tam inteqrasiya olunur”.

Mütəxəssis əlavə edib ki, əsas məsələ erkən və düzgün yanaşmadır:

“Vaxtında müraciət və düzgün istiqamətləndirmə uşağın potensialını üzə çıxarmağa imkan verir və onun inkişaf yolunu daha sağlam şəkildə formalaşdırır”.

Zeynəb Rzayeva

Seçilən
5
1
bakivaxti.az

2Mənbələr