AZ

Azərbaycanda BYD üçün 3 min stansiya...

Azərbaycan həlledici bir prosesin astanasındadır. Dünyanın ən rekord sürətlə böyüyən avtomobil nəhəngi BYD qlobal miqyasda qurduğu ultra-sürətli şarj şəbəkəsini genişləndirir və bu dalğanın gec-tez Cənubi Qafqaza çatacağı artıq ciddi müzakirə mövzusuna çevrilib.

Rəsmi açıqlamalarda Azərbaycanın adı hələ çəkilməsə də, proseslərin məntiqi inkişafı göstərir ki, bu ölkə diqqətdən kənarda qala bilməz. Söhbət adi enerji layihəsindən getmir. Bu, XXI əsrin yeni “yanacaq xəritəsi”nin yenidən çəkilməsi deməkdir. BYD artıq Çin xaricində 6 min ultra-sürətli şarj stansiyası qurmaq planını açıqlayıb. Artıq təsdiqlənmiş strategiyaya görə stansiyaların 3 mini Avropada yerləşdiriləcək. Digər 3 min stansiya isə hələ açıqlanmayan ölkələrdə qurulacaq.

Məhz bu “naməlum coğrafiya” hazırda ən böyük sual işarəsidir. BYD bu sahədə qlobal liderliyə iddialıdır. Bu isə birbaşa olaraq uzun illər bazarın zirvəsində olan Toyotanı yerini sarsıtmaq deməkdir. Fərq ondadır ki, Toyota avtomobil satır, BYD isə bütöv ekosistem qurur. Ultra-sürətli şarj texnologiyası isə bu yarışda əsas silahdır. Cəmi 10 dəqiqəyə elektromobilin ultra-sürətli şarj olunması artıq reallıqdır. Şarj probleminə görə elektromobil almaqdan vaz keçənlərin fikirləri radikal dəyişir. Bu, elektrik avtomobillərini psixoloji baryerdən çıxarır və bazarı partlayış nöqtəsinə gətirir. Analitiklərə görə, açıqlanmayan 3000 stansiyanın əhəmiyyətli hissəsi Qazaxıstan və Özbəkistanda qurulacaq. Bu ölkələr BYD üçün test poliqonu rolunu oynayır. Məsələ burasındadır ki, Azərbaycan kiçik bazar olsa da, strateji keçid nöqtəsidir. Çin-Avropa Orta Dəhlizi üzərində yerləşən Azərbaycan logistika baxımından kritik mövqeyə malikdir. Ölkədə enerji infrastrukturu güclüdür. Məhz buna görə Azərbaycan gündəmə gəlir. Ən realist ssenari belədir ki, BYD 2026-2027-ci illərdə Orta Asiya, 2027-2029-cu illərdə Cənubi Qafqazda şəbəkə quracaq. 2030-cu ildən sonra isə tam regional şəbəkə qurulacaq. Bu mərhələdə Azərbaycan artıq sadəcə bazar yox, enerji və nəqliyyat dəhlizinin ayrılmaz hissəsi olacaq. Azərbaycanda ultra-şarj stansiyaları qurması bu gün üçün rəsmi fakt deyil. Amma bu, sadəcə zaman məsələsidir.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr