“Çempionatda mənzərə çox yaxşıdır. Bir çox oyunlarda tribunlarda xeyli azarkeşin olduğunu da görürük. Yarışda kifayət qədər gərginlik var. Hansı çempionatda gərginlik olursa, orda inkişaf var, yenilik tapmaq olur”.
Bu sözləri QOL.az-a açıqlamasında Azərbaycanın Əməkdar Məşqçisi Ağasəlim Mircavadov deyib.
79 yaşlı mütəxəssis Misli Premyer Liqasının hazırkı gedişatını müsbət qiymətləndirib: “Çempionatın sonuna çatırıq, amma kimin çempion olacağı bilinmir. Ən azı 3-4 komanda isə ilk yerlər uğrunda çox iddialıdır. Təxminən 16 il əvvəl belə bir rəqabət olmuşdu. Əslində bizim çempionatda heç olmasa 5-6 klubun qızıl medallar uğrunda oynamağa imkanı var. Amma çempionluğa oynayanlar çox azdır. Yəni əsas mübarizə “Qarabağ” və “Sabah” arasında gedir. Mən deməzdim ki, “Qarabağ” çempionluq yarışından əlini üzüb. Aprelin 18-də “Sabah”la “Qarabağ” həlledici oyuna çıxacaq. Bu görüş tam başqa olacaq. Azarkeşlərin də oyuna böyük maraq göstərdiyini bilirəm. “Sabah” indi yaxşı durumdadır. Oyunçularda ruh yüksəkliyi var. Baş məşqçi amilini də vurğulamaq lazımdır. Son illərdə hamımız istəyirdik ki, çempionluq uğrunda “Qarabağ”la mübarizə aparacaq komandalar olsun. “Sabah”dan başqa “Neftçi”də var. Ardıcıl qələbələr qazandılar. “Zirə” və “Turan Tovuz” da liderlər sırasında ola bilər”.

Ağasəlim Mircavadov
Təcrübəli mütəxəssis qeyd edib ki, legioner limitinin ləğvi çempionatda rəqabətin artmasında rol oynayıb: “Təbii ki, bunun təsiri olacaq. Amma legionerlə yerliləri birləşdirməliyik. Hansı klub rəhbəri legionerə çox meyillidirsə, bilməlidir ki, eyni zamanda yerli futbolçu da oynamalıdır. Məlumdur ki, biz bunu milli komandalara görə deyirik. Nə olur olsun, milli komandanı unutmamalıyıq”.
A.Mircavadov “Qarabağ”ın bir neçə oyunda xal itirməsi və lider “Sabah”dan 10 xal geri qalması ilə bağlı da danışıb. O qeyd edib ki, “Qarabağ” futbolçularına gələn təkliflər onların oyunlara köklənməsinə müəyyən qədər mane olur:“Futbolçular başqa klublardan dəvət alanda əvvəlki həvəsləri olmur. Bundan başqa, Çempionlar Liqasından sonra yerli liqada oynamaq da asan deyil. Çünki yarışlar arasında, onların ab-havasında böyük fərq var. Futbolçuları elə böyük turnirdən sonra yerli çempionata hazırlamaq asan olmur. Burda psixoloji amillər var. Futbolçulara təkliflər gəlir və media bu barədə çox yazır. Belə olanda da oyunçularda bir durğunluq olur. Bununla belə, məncə, “Qarabağ” qarşıdakı oyunlara daha da hazır olacaq. Çünki peşəkar futbolçu öz adını və klubun imicini saxlamalıdır. Rəqibin fərqi yoxdur. Məsələn, “Qarabağ” “Sabah”la çempionat oyununda 0:3 hesabı ilə geridə olduğu halda, qısa vaxtda 3 top vurdu və uduzmadı. Hətta vaxt çatsa, qələbə qolunu da vuracaqdılar. İndi də həmin oyunu göstərməyə çalışacaqlar”.
A.Mircavadov onu da bildirib ki, “Neftçi” lazım olan inkişafa çatsa, çempionatda rəqabət daha da güclənəcək: “Mən də daxil olmaqla köhnə futbol mütəxəssisləri “Neftçi”də yetişmişik. Hamımız istəyirik ki, “Neftçi” əvvəlki əzəmətini qaytarsın. Bazaları çox gözəldir. Hər cür şəraitləri var. Qalır ancaq oynamaq. Yuri Vernidubun gəlişindən sonra “Neftçi”də irəliləmə hiss olunur. Ukraynalı mütəxəssisin özünəməxsus oyun üslubu var: uzun ötürmələr, hərəkətlilik, pressinq. İstəyir ki, bunu futbolçularına aşılasın. Hələ ki, bəzi futbolçular topla istənilən kimi işləyə bilmir. “Neftçi” udduğu oyunların hamısını hərəkətli olmağın hesabına bacarıb. Burda fiziki durum da yerində olmalıdır. Hələ ki, Vernidub öz oyun üslubunu qurur. Yəni tam qurulmayıb, ona doğru gedir. Baş məşqçi axtarışdadır. Görürük ki, tez-tez oyunçuların yerini dəyişir. Hər halda bir qədər zaman lazımdır. Burada qələbələr də çox vacib şərtdir. Hansı ki, “Neftçi”də bunu görürük. Komanda qalib gəlməlidir ki, baş məşqçi inamla öz oyun üslubunu ortaya qoysun və futbolçular bunu qəbul etsin”.
Ramiq Ağaməmmədov