AZ

TRAMPIN “UĞURSUZ” VARİSİ... Orbanı “uduzdurdu”, İranla danışıqları “batırdı”, ardı varmı?

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

“Bir işi batırmaq istəyirsənsə, Vensə tapşır!” Hazırda Donald Trampı tənqid edən ABŞ mediasında tez-tez bu “tezis”ə rast gəlmək olur. Doğrudan da, Trampın vitse-prezidenti vəzifəsini daşıyan və növbəti seçkilərdə onun əsas varisi kimi qələmə verilən Vensin vitse-prezident karyerasını “uğur hekayəsi”ndən çox “uğursuzluq hekayəsi” adlandırmaq olar…

Bu arada “CNN” öz mənbələrinə istinadla xəbər verir ki, İranla potensial danışıqların ikinci mərhələsində də ABŞ nümayəndə heyətinə Vens rəhbərlik edəcək. Məlum olduğu kimi, Vensin rəhbərliyi ilə keçirilən İran danışıqlarının birinci mərhələsi tam fiasko ilə başa çatıb. 21saatlıq görüşdən razılaşma işartısı, ümidi ola biləcək heç bir nəticə vasil olmadı. Buna baxmayaraq, Tramp danışıqlara yenə onu göndərir…

Digər yandan, İran danışıqalrından az əvvəl Vensin daha bir xarici missiyası uğursuzluğa düçar olub. O, Viktor Orbanın seçki kampaniyasında ona dəstək olmaq üçün şəxsən Budapeştə getdi, iki gün orada qaldı, mitinqdə çıxış etdi, Orbanın xeyrinə müsahibələr verdi, macarları ona səs verməyə çağırdı və sair. Lakin bu səylər uğursuz oldu, hətta tamamilə əks effekt verdi. Orban kəskin fərqlə uduzdu. Müşahidəçilər hesab edirlər ki, Vens bu addımla əslində Orbanın siyasi karyerasının tabutuna son mismarı vurmuş oldu…

Vens daha əvvəl Trampın başqa bir xarici diplomatiya tapşırığını batırmışdı. Qrenlandiyanı ələ keçirmək fikrində olan Tramp məhz Vensi həmin adadakı Amerika bazasına səfərə göndərmişdi. Ancaq bu səfər və Vensin oradakı açıqlamaları mənfi nəticələr verdi. Səfərdən sonra Vensi görən və dinləyən ada sakinləri daha qətiyyətlə ABŞ-nin bir parçası olmaq istəmədiklərini bəyan etdilər və Avropaya aid olmağa üstünlük verdilər…

Bu uğursuzluqları tək Vensin deyil, bütünlükdə Tramp administrasiyasının aresssiv və pərakəndə, bəzənsə başıpozuq siyasətinin ayağına yazmaq olardı. Lakin məsələ həm də Vensin şəxsi keyfiyyətlərində, düşüncə tərzində, mədəniyyətində, əxlaqında, siyasi və ictimai baxışlarındadır. O, bu baxımdan hazırkı şefi Trampdan elə də ciddi şəkildə fərqlənmir. Onun təkcə Trampın Zelenski ilə Ağ Evdə keçirilən məşhur görüşündəki davranışlarını yada salmaq kifayətdir…

Məsələn, Vens Orbanın məğlubiyyətindən sonra ABŞ mətbuatının suallarına cavab verərkən vəziyyətdən çıxmaq üçün Orbanın seçki məğlubiyyətini "kədərli, lakin proqnozlaşdırılan" adlandırıb. Yaxşı, bu məğlubiyyət əvvəlcədən proqnozlaşdırılan idisə onun Macarıstanda nə işi vardı və ABŞ-ni, eləcə də özünü bu cür uğursuz rakursda göstərməyin anlamı nə idi?

Bəli, Trampın MAGA hərəkatı üçün Orbanın məğlubiyyəti, sadəcə müttəfiqin məğlubiyyəti deyil - bu, bütün bir sistemin proqramlaşdırma kodundakı bir nasazlıqdır. Orban sadəcə kiçik bir Avropa ölkəsinin baş naziri deyildi. O, Donald Tramp və komandasının “Amerikanı yenidən qurmaq” planının Avropadakı güzgüsü idi. Tramp və Orbanı immiqrasiyaya qarşı mübarizə, siyasi korrupsiya, mediaya qarşı sərt mövqe, populizm, dövlət aparatından karyera məmurlarının, mütəxəssislərin təmizlənməsi və s. bu kimi xüsusiyyətlər daşıyan sistem birləşdirirdi. Lakin Vens bu sistemi yaşatmaq üçün heç də ən uğurlu liderlərdən biri kimi görünmədi…

Vensin şəxsi keyfiyyətlərinə qayıtsaq, onun Trampla münasibətlərinin keçmişinə qısa nəzər salmağın da xüsusi yeri var. 2016-cı il ABŞ prezident seçkiləri zamanı Vens Trampın açıq və ən sərt tənqidçisi idi. O, Trampın seçki kampaniyası vədlərini "əxlaqsız" və "absurd", Trampın özünü isə bu vəzifəyə yararsız hesab edirdi. Vens Trampı "fəlakət", "mədəni heroin", "xalq üçün tiryək", "axmaq" və hətta "Amerikalı Hitler" adlandırmışdı. Həmin vaxt o, Trampa deyil, müstəqil namizəd Evan MakMallinə səs vermişdi.

2020-ci ildə Vens Trampın siyasətini tənqid etməyə davam etdi, onun "iqtisadi populizmini tamamilə yerinə yetirə bilmədiyini" və buna görə də növbəti prezident seçkilərində "çox güman ki, uduzacağını" demişdi. Belə də oldu.

Ancaq daha sonra öz siyasi karyerası xatirinə Tramp haqqında fikrini dəyişməyə başladı. 2021-ci ilin mart ayında Vens Trampla şəxsən görüşdü. Sonradan Trampı dəstəkləmək qərarına gəldiyini dedi, Trampı tənqid etdiyinə görə üzr istədi və bu cür tənqidlərin yer aldığı əvvəlki media paylaşımlarını sildi. Hətta Trampın əleyhinə danışanlardan, yazanlardan Baş prokurora şikayətlər etdi…

Xatırladaq ki, Trampın birinci prezidentliyi dövründə 4 il onun vitse-prezidenti olmuş Mayk Pens hazırda Trampın ən qatı əleyhdarlarından biridir. Günlərin birində Vensin də eyni safa keçəcəyi, öz siyasi karyerası xatirinə növbəti U dönüşü edəcəyi qətiyyən istisna oluna bilməz. Bunun üçün Vensdə hər cür “potensial”, “düşüncə” və “inam” var.

Hə, bir də inamdan danışarkən, Vensin ABŞ mediasına yadplanetlilər barədə bu yaxınlarda danışdıqlarını qeyd etməmək olmur. Vens hesab edir ki, yadplanetlilər yoxdur, zaman-zaman insanların qarşılaşdığı anomal hadisələr “cinlərin işidir”. Növbəti ABŞ prezidentliyinə iddialı şəxs belə də deyib: "Düşünmürəm ki, onlar yadplanetlilərdir. Düşünürəm ki, onlar cinlərdir". Bəli, bu, Trampın vitse-prezidentidir – “axsaq atın kor nalbəndi!”…

Elxan Qüdrətoğlu

“AzPolitika.info” 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
35
azpolitika.info

1Mənbələr