NATO-nun keçmiş baş katibi Jens Stoltenberq alyansın gələcəyi ilə bağlı diqqətçəkən açıqlama verib. O, NATO-nun qarşıdakı on il ərzində mövcudluğunu davam etdirəcəyinin qəti olmadığını bildirib.
“İki sahil” xəbər verir ki, Danimarkanın TV2 telekanalına müsahibəsində Stoltenberq qeyd edib: “NATO-nun həmişə mövcud olacağı fakt deyil. Qarşıdakı on il ərzində də qalacağına zəmanət yoxdur”.
Keçmiş baş katib xatırladıb ki, Donald Tramp hələ 2018-ci ildə ABŞ-ın alyansdan çıxa biləcəyini bildirmişdi və oxşar bəyanatlar indi də səslənir. Onun sözlərinə görə, belə fikirlər ABŞ prezidenti səviyyəsində səsləndirilirsə, buna ciddi yanaşmaq lazımdır.
Bu arada, The Wall Street Journal qəzeti yazıb ki, Avropa ölkələri ABŞ-ın NATO-dan mümkün çıxışı halında alternativ təhlükəsizlik planları üzərində işləyir.