AZ

"Hər kəs öz şəhərinə, təbiətinə və mühitinə məsuliyyətlə yanaşmalı, qaydalara əməl etməlidir" - Zenfira Mustafayeva

Son günlər sosial şəbəkələrdə Bakı bulvarında əkilmiş tülpanların əzilməsi ilə bağlı görüntülər geniş müzakirələrə səbəb olub. Paylaşılan fotolarda və videolarda vətəndaşların güllüklərə daxil olaraq şəkil çəkdirdiyi, nəticədə isə güllərin ciddi şəkildə zərər gördüyü aydın görünür.

Mövzu ilə bağlı Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a açıqlama verib.

O şəhərlərin yaşıllaşdırılması və bəzədilməsinin insanların daha sağlam, rahat və zövqlü mühitdə yaşaması üçün aparıldığını deyib: "Şəhərlərimizin yaşıllaşdırılması, güllərlə və çiçəklərlə bəzədilməsi, parklarımızın və fasadlarımızın daha da gözəlləşdirilməsi ümumilikdə şəhər mühitinin yaxşılaşdırılmasına xidmət edir. Bu işlər insanların rifahı üçün görülür və hər bir insan anlamalıdır ki, bu gözəlliklər bizim və övladlarımızın daha rahat, zövqlü və sağlam mühitdə yaşaması üçün yaradılır. Ona görə də biz bu yaşıllıqları qorumağa borcluyuq və imkan daxilində daha da artırmalıyıq".

Zenfira Mustafayeva gül növlərinin, xüsusilə Niderlanddan gətirilən lalələrin, soğanla çoxaldılıb xüsusi qulluq və saxlanma tələb etməsi onların yetişdirilməsinin çətin, vaxt aparan və xərc tələb edən proses olduğunu deyib: "Xüsusilə vurğulamaq lazımdır ki, bəzi gül növləri, məsələn lalələr Niderlanddan gətirilir və onların yetişdirilməsi və artırılması asan proses deyil. Bu bitkilər soğan vasitəsilə çoxaldılır, bir mövsüm çiçək açdıqdan sonra solur və onların soğanları gələn mövsüm üçün xüsusi qaydada saxlanılır. Bu da göstərir ki, belə yaşıllıqların yaradılması böyük əmək, vaxt və maddi vəsait tələb edir".

Sədr bildirib ki, insanların yaşıllıqlara zərər verməsinə baxmayaraq, Bakı və Sumqayıt kimi şəhərlərdə aparılan abadlıq və yaşıllaşdırma işləri həm təbiətin qorunması, həm də sağlamlıq və estetik baxımdan cəmiyyət üçün böyük əhəmiyyət daşıyır: "Təəssüf ki, bəzən insanlar bu zəhməti və dəyəri tam anlamır, güllərə və yaşıllıqlara zərər verirlər. Halbuki yaşıllıqlar təkcə gözəllik deyil, həm də oksigen mənbəyidir və sağlamlığımız üçün böyük əhəmiyyət daşıyır. Şəhərlərimizdə, xüsusilə Bakı və Sumqayıt kimi şəhərlərdə bu sahədə mühüm abadlıq və yaşıllaşdırma işləri görülür və bu, hər birimizin zövq almasına imkan yaradır".

Z.Mustafayeva yaşıllıqların qorunması üçün maarifləndirmənin artırılmalı olduğunu da qeyd edib: "Maarifləndirmə işlərinin gücləndirilməli olduğunu düşünürəm. Yaşıllıqların məhv edilməsinə görə İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub və bu barədə əhali məlumatlandırılmalıdır. Məktəblərdə, kolleclərdə və ailələrlə işləyən qurumlarda bu mövzuda seminarlar və təlimlər keçirilməlidir. İnsanlara izah olunmalıdır ki, güllərə toxunmaq olmaz, onlar yalnız baxmaq və zövq almaq üçündür. Həmçinin hər kəs öz şəhərinə, təbiətinə və mühitinə məsuliyyətlə yanaşmalı, qaydalara əməl etməlidir ki, bu gözəlliklər qorunub saxlanılsın və daha da artsın".

Fatimə Nəbiyeva

Seçilən
49
qht.az

1Mənbələr