AZ

Mikels: “Qarabağ”ın zəif tərəflərini bilirik” (MÜSAHİBƏ)

futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Sabah”ın futbolçusu Coy-Lens Mikelsin “Futbolpress.az“a müsahibəsi:

– Mövsümün sonuna 6 tur qalıb. Çempionluq şansınızı neçə faizlə qiymətləndirərdiniz?

– Hazırda yalnız növbəti oyuna fokuslanmışıq. Bizim üçün ən vacib olan da  budur. Bəlkə bunu çətin hesab edənlər var, lakin özümüzə çox inanırıq.

– “Qarabağ”la aranızda 10 xallıq fərq var. Yaxşını düşündüyümüz kimi, bəzən pis ehtimalları da nəzərə almaq lazımdır. Sonda çempion ola bilməsəniz, mövsümü klub üçün uğursuz hesab edəcəksiniz?

– Biz daha geniş mənzərəyə baxmalıyıq. Yaxşı oyunlar keçirmişik, liderik və xal fərqimiz var. Tək liqada yox, həm də kubokda titul şanslarımız mövcuddur. Sona kimi mübarizəmizi davam etdirəcəyik, yekunda isə necə olacağını görəcəyik.

– Çempionatda 18 qolla bombardirsiniz. Mövsümün əvvəlində özünüz üçün konkret qol sayı ilə bağlı hədəf qoymuşdunuz?

– Rəqəmlərə çox fokuslanmıram. Əsas məqsədim komandaya qələbə qazanmaqda kömək etməkdir. Qol vurmağa davam edirəmsə, bu, yaxşıdır. Əlbəttə, mövsümü 20+ qolla bitirmək istərdim.

– Kubokda da titul şansınız davam edir və burada əsas rəqib “Qarabağ”dır. “Qızıl dubl” etmək arzunuz varmı?

– Bəli, əlbəttə. Hər futbolçu həm çempionatı, həm də kuboku qazanmağı arzulayır. Bu asan olmayacaq, əvvəlcə “Qarabağ” səddini aşmalıyıq. Finallarda da asan rəqiblər olmur. Kuboku yenidən qazanmağa çalışacağıq.

– Həm liqada, həm də kubokda “Qarabağ”la rəqabət aparırsınız. Onlar illərdir Çempionlar Liqasında oynayır və yaxşı nəticələr qazanırlar. Belə rəqibə qarşı xüsusi strategiyanız varmı? Onları necə dayandırmağı planlaşdırırsınız?

– “Qarabağ” çox təcrübəli və güclü komandadır. Çempionlar Liqasında bu mövsüm yaxşı oyunlar keçiriblər. Onlara qarşı 90 dəqiqə intizamlı, kompakt və diqqətli olmaq lazımdır. Kiçik səhvlər oyunun taleyini həll edə bilər. Rəqibə hörmətlə yanaşırıq. Bu mövsüm onlara qarşı bir neçə dəfə oynamışıq. “Qarabağ”ın zəif tərəflərini bilirik və imkanlardan maksimum istifadə etməyə çalışacağıq.

– “Sabah”dakı performansınız sayəsində Ruanda yığmasına dəvət aldınız. Debütünüzü necə ifadə edərdiniz?

– Millidə oynamaq qürurdur. Debütüm xoş anlarla yadda qaldı. Milli formanı geyinmək hər futbolçunun arzusudur.

– Sizinlə yanaşı, digər qardaşlarınız – Leroy Mikels və Coy-Slayd Mikels də yığmada meydana çıxır. Üç qardaş eyni anda millidə olmaq necə hissdir?

– Qardaşlarımla birlikdə meydanda olmaq debütü daha emosional etdi. Hissləri sözlə ifadə etmək çətindir. Uşaqlıq arzumuz idi ki, bir gün eyni komandada birlikdə oynayaq.

– Müqaviləniz mövsümün sonunda bitir. Sözləşmənin uzadılması ilə bağlı təklif almısınızmı?

– Hazırda mövsümü uğurla başa vurmağa fokuslanmışam. Bəli, müzakirələr olub, amma hələlik heç nə dəqiqləşməyib. “Sabah”da xoşbəxtəm. Yayda nə olacağını görəcəyik.

– Son dövrlərdə çempionatda hakim qərarları çox müzakirə olunur. Bu, sizə necə təsir edir?

– Əlbəttə, bəzən qərarlar bizim əleyhimizə olur və bu, məyusedicidir. Amma bununla bağlı çox şey edə bilmərik. Oyuna fokuslanmağa çalışırıq. Hakimlər haqqında çox danışmaq istəmirəm. Diqqətimizi oyunumuza veririk və hədəf maksimumu etməkdir.

– Bu mövsümü futbol karyeranızın ən yaxşısı hesab edərdinizmi?

– Statistikaya baxanda, ən yaxşı mövsümlərimdən biri olduğunu deyə bilərəm. Lakin mən dayanmıram, daim çalışıram və əminəm ki, daha yaxşı ola bilərəm.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
futbolpress.az

1Mənbələr