ABŞ vitse-prezidenti Ceyms Devid Vensin İranı faktiki olaraq ölkə parlamentinin sədri Məhəmmədbağır Qalibafın idarə etdiyini deməsi sözgəlişi deyilən fikir deyil.
Bu, onu göstərir ki, ABŞ rəhbərliyi İranda nələrin baş verdiyini, siyasi qüvvələrin mövqeyini, nüfuz dərəcəsini, strateji qərarları kimlərin qəbul etdiyini yaxşı bilir.
Əslində bu, o qədər də sirr deyil. İranda baş verən hadisələr, üzdə olan liderlərin açıqlamaları ölkədə kimin vəziyyətin nəzarətçisi olduğunu göstərir.
Fevralın 28-nə qədər İranı ayətullah Əli Xamneyi və onun komandasının, xüsusilə də SEPAH generallarının idarə etdiyi hər kəsə bəlliydi. Elə ona görə də ilk olaraq bu dairəyə daxil olan şəxslər hədəfə alındılar. ABŞ rəhbərliyi İranın əsas idarəedicilərini bir arada tutan kimi hücum etdi və öz aləmində ölkəni başsız qoydu.
Həmin vaxt bir gerçəklik də tam çılpaqlığı ilə üzə çıxdı ki, iki il öncə xalq tərəfindən seçilən, milyonlarla seçicinin səs verərək etimad göstərdiyi legitim prezident Məsud Pezeşkian İranı idarə edənlərin dairəsinə daxil deyil.
Təsəvvür edin, müharibənin astanasında olan ölkə üçün taleyüklü qərarların qəbul ediləcəyi toplantıya qanuni prezidenti çağırmırlar. Bu, dünyanın heç bir ölkəsində olmamış və olmayacaq hadisədir.
SSRİ də totalitar rejimə sahib idi, ölkəni bir partiya vahid ideologiya əsasında idarə edirdi, amma formal olsa da, xalq tərəfindən seçilən şəxs – Ali Sovetin rəhbəri Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü olur, qərarların qəbulunda iştirak edirdi. Uzun illər SSRİ-nin üç əsas rəhbərindən biri baş katib, biri baş nazir, biri də Ali Sovetin Rəyasət Heyətinin sədri olmuşdu. Bəzi dönəmlərdə sırf Qərb dövlətlərinin qarşısına legitim rəhbər kimi çıxa bilsin deyə partiyanın baş katibi vəzifəsini tutan şəxs həm də parlamentin sədri vəzifəsini daşıyırdı.
İranın belə bir dərdi yoxmuş. Xalqdan etimad votumu almaq İranı idarə edənlər üçün ikinci dərəcəli məsələymiş.
Düzdür, İranı idarə edənlərin sırasına daxil edilməməsi nəticə etibarı ilə prezident Pezeşkianın həyatını xilas etdi, o, aviazərbələrdə öldürülənlərin arasında olmadı, ancaq fakt odur ki, Xamneyinin vurulmasından sonra yaranmış hakimiyyət boşluğunda da ona rol verilmədi.
Xamneyidən sonra İranı ali rəhbərin müşaviri Əli Laricaninin idarə etdiyi bildirilirdi. Atasının yerinə ölkənin ali dini lideri təyin edilmiş Müctəba Xamneyi bombardmandan yaralı halda çıxdığı üçün vəzifəsini icra edə bilmirdi (hələ də idarə edə bilmir), ona görə də ali rəhbərin səlahiyyətlərinin icraçısı qismində Laricani önə çıxmışdı. ABŞ onu da vurdu, ancaq yenə də Pezeşkian ölkəsində söz sahibi ola bilmədi.
Çünki İranı birmənalı və şəriksiz olaraq SEPAH idarə etməyə başlamışdı və bu hərbi birləşmə Pezeşkianı özündən saymır, özününkülərə etimad göstərir. Həm Laricani, həm də hazırda İranı idarə etdiyi deyilən Qalibaf SEPAH mundiri geymiş, korpusa rəhbərlik etmiş adamlardır.
Əslində M.Qalibaf parlament sədri olduğu üçün İranı idarə edərkən qeyri-legitim sayılmaz, çünki o da xalq tərəfindən seçilib, ən azı əvvəlcə bir seçki dairəsinin seçicilərinin səsini alıb, sonra isə bütün İranın seçicilərinin seçdiyi şəxslər tərəfindən parlament sədri seçilib.
Ancaq Pezeşkian 16 milyondan artıq seçicinin səsi ilə prezident postuna gəlib. Ən ümdəsi odur ki, həmin vaxt Məhəmmədbağır Qalibaf özünü şanslı saymadığı üçün onunla seçki qarışına qatılmamışdı. Mühafizəkarlar korpusu Pezeşkianın qarşısına Səid Cəlilini çıxarmışdılar və məğlubiyyətə uğramışdılar.
İndi işə baxın ki, iki il əvvəl seçkilərdə məğlub olanlar faktiki olaraq İranı idarə edir, ölkənin, xalqın taleyini müəyyənləşdirirlər.
Başqa sözlə, hazırda İranda mülki hakimiyyət yoxdur. ABŞ və İsrailin hücumu bu ölkədə mülki hakimiyyətin rolunu, eləcə də dini-klerikal qüvvələrin təsirini minimuma endirib. İran SEPAH başda olmaqla hərbi qüvvələr tərəfindən idarə edilir. Elə ABŞ ilə sülh danışıqlarını da onlar aparırlar. Xarici işlər naziri Abbas Arakçı prezidentin yox, Qalibafın təlimatıyla hərəkət edir, söz danışır.
Deyilə bilər ki, bu, anormal durum müharibə ilə bağlıdır, müharibədən sonra hakimiyyət qolları öz funksiyalarına uyğun fəaliyyət göstərəcək.
Elə şey olmayacaq. İran 47 ildir bu cür idarə olunur. İndiyə qədər seçilmiş prezidentlərin heç biri İranda söz sahibi olmayıblar, həmişə ali rəhbərin göstərişlərinə riayət ediblər. Düzdür, onların arasında Haşimi Rəfsəncani kimi ötkəm, Əhmədinejat kimi qətiyyətli siyasətçilər də olub, amma yekunda hamısı ali dini liderin iradəsi ilə hesablaşıblar.
Ali dini lider postunu tutan şəxs isə xalq tərəfindən seçilmir, kiçik bir qrup tərəfindən seçilir. Xalqın həmin qrupa təsiri sıfırdır. Bu cür idarəetmə sistemi İranda hələ bir müddət də davam edəcək.