Son günlər intensiv yağıntıların qeydə alınması daşınmaz əmlakın sığortalanmasının əhəmiyyətini bir daha gündəmə gətirib. Lakin rəsmi göstəricilər bu sahədə sığortalananların sayının azaldığını ortaya qoyur.
"Ölkə.az" xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Mərkəzi Bankın məlumatına əsasən, daşınmaz əmlakın icbari sığortası üzrə yığımlar 2026-cı ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3.9 dəfə azalıb. Azalma meyili 2025-ci ildə də müşahidə olunub. Belə ki, il ərzində bu sığorta növü üzrə yığımlar əvvəlki ilə nisbətən 2.3% aşağı düşüb.
Maraqlıdır ki, qanunla daşınmaz əmlakın sığortalanmasının məcburi olduğunu da nəzərə alanda bu sığorta növü üzrə yığımın azalmasının səbəbləri nələrdir?
Sığorta üzrə ekspert Emil Ağabağırovun sözlərinə görə, bununla bağlı bir neçə səbəb ola bilər:
"Məsələn, ötən ilin eyni dövründə hansısa şəxs əmlakını girov qoyaraq uzunmüddətli kredit götürübsə və yaxud mənzil əldə edibsə, həmin əmlak bir neçə illik sığortalandığı üçün bu ilin eyni dövründə yenidən sığortalanmır. Digər bir səbəb isə alqı-satqı prosesi ilə bağlı ola bilər: evi satan şəxs əmlakı sığortalayır, lakin yeni sahibi sığortanın nə vaxt bitəcəyindən xəbərsiz olduğu üçün müqavilə yenilənmir. Bundan başqa, elə hallar var ki, əvvəllər qeyri-yaşayış obyektində fəaliyyət göstərən sahibkar artıq onlayn fəaliyyətə keçib. Yaxud da bəzi şəxslərin sığorta müddəti bitsə də, sığortalanma prosesini növbəti aya saxlayırlar".