ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Azərbaycanda övladlığa götürülən uşaqların sayı və statistik göstəriciləri açıqlanıb. Cari ilin ilk üç ayı ərzində ölkədə övladlığa götürmə prosesi ilə bağlı statistik məlumatlar məlum olub. Sosial Xidmətlər Agentliyindən verilən məlumata görə, ilin birinci rübü ərzində ümumilikdə 40 uşaq övladlığa verilib. Onlardan 19-u qız, 21-i isə oğlandır. Övladlığa götürülən uşaqların yaş bölgüsünə nəzər saldıqda, 0-6 yaş aralığında olanların sayca üstünlük təşkil etdiyi görünür. Belə ki, bu yaş qrupunda 28 uşaq yeni ailəsinə qovuşub. Digər yaş qrupları üzrə isə 7-11 yaş arası 8, 12-18 yaş arası isə 4 uşaq övladlığa götürülüb.Statistikada diqqət çəkən əsas məqamlardan biri subay şəxslərin övladlığa götürmə prosesində iştirakıdır. Yanvar-mart ayları ərzində 4 subay şəxs övladlığa uşaq götürüb ki, həmin şəxslərin hər birinin qadın olduğu bildirilir. Qeyd edək ki, mövcud qanunvericilik müəyyən tələblərə cavab verən subay vətəndaşlara da bu hüququ tanıyır.Bəs subay qadınların övladlığa uşaq götürməsinə dinimizdə münasibət necədir?Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən ilahiyyatçı Fazil Əhməd bildirib ki, İslami baxımdan subay qadının övladlığa uşaq götürməsi özü-özlüyündə haram sayılmır. Amma bu məsələ gələcəkdə bəzi problemlər yarada bilər. İnsani baxımdan isə bu, çox gözəl bir işdir, yardım və xeyirxahlıq sayılır."İslami baxımdan məsələ belə izah olunur ki, əgər oğlan uşağı götürülərsə, o, həddi-büluğa çatdıqdan sonra həmin qadına naməhrəm sayılır. Bu halda ona toxunmaq, onu öpmək və ya bir ana-övlad münasibəti kimi yaxınlıq etmək şəriət baxımından mümkün deyil. Bu, dünyəvi deyil, sırf dini baxımdan belədir. Qız uşağı götürüldüyü halda isə ümumən problem yoxdur. Onu böyütmək mümkündür və böyüdükdən sonra da bu münasibətə görə xüsusi bir problem yaranmır. Lakin başqa bir məsələ də var ki, əgər həmin qadın gələcəkdə ailə qurarsa, götürdüyü qız uşağı onun evlənəcəyi kişiyə naməhrəm sayılır. Çünki həmin uşaq nə kişinin doğma övladı, nə də qadının bioloji qızı hesab olunmur. Bu səbəbdən də onlar arasında ata-bala münasibəti yaranmır və bir yerdə yaşama, eyni evdə qalma məsələsində şəri baxımdan sərhədlər mövcuddur". İlahiyyatçı bildirib ki, bu mövzu şəriət qaydalarına ciddi riayət etmək istəyən insanlar üçün nəzərdə tutulmuş izahdır. "Kim bu qaydalara uyğun yaşamaq istəyirsə, bu məqamları nəzərə almalıdır. Biz isə sadəcə sual verildiyi zaman dini hökmü olduğu kimi izah edirik, çünki həqiqəti çatdırmaq vacibdir. Eyni zamanda qeyd olunur ki, bu məsələni ümumi şəkildə təbliğ və ya qadağa çağırışı kimi yaymaq düzgün deyil. İnsanlar maraqlandıqda sual cavablandırılır. Əgər belə hallar geniş yayılarsa, şəriət baxımından doğru izahın verilməsi vacibdir. Amma bu, kiminsə şəxsi işinə müdaxilə kimi deyil, sadəcə sual verildikdə dini hökmün bildirilməsi şəklində olmalıdır". Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.