Şəki, 14 aprel, AZƏRTAC
Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə Respublika fənn olimpiadalarının final mərhələsində iştirak etmək hüququ qazanan şagirdlərlə görüş keçirilib.
Şəki şəhər 7 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə Regional Təhsil İdarəsinin rəhbər şəxsləri və əməkdaşları, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rayon-şəhər komitələrinin sədrləri, müəllimlər və fərqlənən şagirdlər iştirak ediblər.
Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova son illər ölkəmizdə istedadlı şagirdlərin aşkara çıxarılmasına xüsusi diqqət yetirildiyini, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlərin görüldüyünü bildirib. İdarə müdiri fərqlənən şagirdlərə uğurlar arzulayıb, onların gələcədə daha böyük müvəffəqiyyət qazanmaları üçün müsabiqə və olimpiadalarda iştirak etməyin vacibliyini vurğulayıb.
Görüşdə çıxış edənlər ölkəmizdə istedadlı uşaqların müəyyənləşdirilməsi istiqamətində keçirilən müsabiqələrin əhəmiyyətini qeyd edib, şagirdlərin əldə etdikləri uğurların ölkənin gələcək inkişafındakı rolundan danışıblar.
Finala vəsiqə qazanan məktəblilər olimpiada və müsabiqələrin təşkilatçılarına təşəkkürlərini bildirib, onların yetişməyində əməyi keçən müəllimlərə minnətdarlıqlarını ifadə ediblər.
Sonda şagirdlərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Tədbir şagirdlər tərəfindən hazırlanmış bədii proqramla davam edib.
Qeyd edək ki, fənn olimpiadalarının yarımfinal mərhələsində Şəki-Zaqatala regionu üzrə ümumilikdə 815 şagird iştirak edib. Mərhələnin nəticələrinə əsasən, olimpiadaların final mərhələsinə Şəki rayonu üzrə 47, Oğuz rayonu üzrə 19, Qəbələ rayonu üzrə 11, Balakən rayonu üzrə 7, Zaqatala rayonu üzrə 3, Qax rayonu üzrə isə 2 şagird olmaqla, ümumilikdə 89 şagird vəsiqə qazanıb.
Müxbir – Mustafa Dadaşov