Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin tələbələri üçün Milli Hidrometeorologiya Xidmətində təlim və ekskursiyalar təşkil edilib.
Silsilə xarakter daşıyan və mərhələli şəkildə həyata keçirilən tədbirlər çərçivəsində Xidmətin mütəxəssisləri tələbələrə qurumun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən işlər və icra olunan layihələr barədə ətraflı məlumat veriblər.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan görüşlər zamanı cari ildə ölkəmizdə keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) kontekstində hidrometeoroloji müşahidələrin əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, müasir şəhərsalma prosesində ekoloji risklərin qiymətləndirilməsi və iqlimə dayanıqlı şəhər mühitinin formalaşdırılması ictimai sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Təlim proqramına uyğun olaraq tələbələr Hidrometeorologiya Muzeyində milli hidrometeorologiya tarixini əks etdirən fotoşəkillər, eksponatlar və müxtəlif dövrlərə aid ölçü cihazları ilə yaxından tanış olublar. Onlara istifadə olunan texniki avadanlıqların iş prinsipləri və inkişaf mərhələləri barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, proqram çərçivəsində tələbələr Situasiya Mərkəzinə ekskursiya ediblər. Xidmətin əməkdaşları tərəfindən gənclərə Erkən Xəbərdarlıq Sisteminin mahiyyəti izah olunub, hidrometeoroloji müşahidələrin təşkili, məlumatların qəbulu və emalı, eləcə də bu məlumatlar əsasında hava proqnozlarının hazırlanması prosesi əyani şəkildə təqdim edilib.