Günümüzdə bir çox insan həkim nəzarəti olmadan idman edərkən və ya gün içində aktiv olmaq üçün protein içir.
Bəs proteini həkim nəzarəti olmadan içmək doğrudurmu?
Azərbaycan Tibb Universitetinin (ATU) Farmakologiya kafedrasının dosenti, keçmiş SSRİ-nin ilk antioksidant preparatı "Meksidol"un həmmüəllifi Aydın Əliyev Redaktor.az-a bildirdi ki, müasir dövrdə bir çox insan həkim məsləhəti olmadan, fərdi şəkildə özünə "müalicə" təyin edir ki, bu da ciddi fəsadlara yol aça bilir:
"Xüsusilə idmançılar tərəfindən proteinlərin, hətta insulinin nəzarətsiz istifadəsi geniş yayılıb. Lakin təkbaşına zülal qəbulu sağlamlığı təmin etmək üçün yetərli deyill. Çünki, orqanizmdə zülalın sintez olunması və balansın qorunması üçün karbohidratlar, yağlar və müxtəlif mineral maddələr də zəruridir".
Həkim əlavə etdi ki, insan bədənindəki maddələr balansını dəqiq müəyyən etmək üçün mütləq laborator analizlər aparmaq lazımdır:
"İstənilən qida proseduru və ya müalicə yalnız həkim tövsiyəsi ilə həyata keçirilməlidir. Özbaşına qəbul edilən maddələr nəticəsində zahirən əzələ kütləsi artsa da, daxili biokimyəvi aktiv maddələrin tarazlığı pozula bilər. Təəssüf ki, günümüzdə "Youtube" və "TikTok" kimi platformalar bəzi hallarda həkimləri əvəz etməyə başlayıb və insanlar bu qeyri-peşəkar mənbələrdən istifadə edirlər. Belə yanaşma elmi əsaslara söykənmədiyi üçün həm yanlış, həm də təhlükəli hesab olunur".
Xədicə BAXIŞLI