GlobalInfo saytına istinadən ain.az xəbər verir.
İranın ABŞ-ın Hörmüz boğazında blokada tətbiq edəcəyi təqdirdə Körfəz limanlarını məhv etməklə hədələməsi gərginliyi daha da artırıb.
Analitiklərin fikrincə, bu, region ölkələri üçün təhlükəsizlik mənzərəsini daha da mürəkkəbləşdirir.
İran Körfəz ölkələrinə yenidən hücum edə bilərmi?
Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, İranın ABŞ-ın mümkün dəniz blokadasına cavab olaraq Körfəz limanlarını hədəfə alacağını bəyan etməsi region ölkələri üçün təhlükəsizlik anlayışını köklü şəkildə dəyişir:
“Körfəz dövlətləri bu müharibədə birbaşa döyüş meydanı olmasalar da, enerji infrastrukturu, logistika xətləri və investisiya mühiti baxımından ciddi risklərlə üzləşdilər. Bu səbəbdən onların təhlükəsizlik siyasəti artıq daha çox “risklərin bölüşdürülməsi” prinsipinə əsaslanacaq. Yəni yalnız ABŞ-a arxalanmaq əvəzinə, hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, kritik infrastrukturların diversifikasiyası və regional təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi prioritet olacaq. Eyni zamanda, onlar açıq şəkildə hərbi qarşıdurmanın tərəfi kimi görünməkdən yayınmağa çalışacaqlar.
Züriyə Qarayeva
Bununla belə, Körfəz ölkələrinin ABŞ-dan tam uzaqlaşıb Çin və Rusiyaya yönəlməsi real görünmür. Daha çox “balanslaşdırma” strategiyası formalaşacaq. ABŞ hələ də regionun əsas təhlükəsizlik təminatçısı olaraq qalır, lakin Çin iqtisadi, Rusiya isə hərbi-texniki əməkdaşlıq baxımından alternativ kimi istifadə edilə bilər. Xüsusilə Çinlə enerji və ticarət əlaqələrinin dərinləşdirilməsi, Rusiyadan isə müəyyən müdafiə texnologiyalarının alınması mümkündür. Yəni əsas xətt kəskin geosiyasi dönüş yox, çoxvektorlu və praqmatik təhlükəsizlik siyasətinin gücləndirilməsi olacaq”.
Turan Rzayev
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.