AZ

Dieqo Simeonenin oğluna göstərdiyi etimadı Qurban Qurbanov Musaya göstərmir 

Ötən gün Azərbaycan futbolunun ən dəyərli şəxsiyyətlərindən biri Qurban Qurbanov 54 yaşını tamamladı. Qurban bəyinfutbolumuza verdiyi töhfələr, bəxş etdiyi qələbə sevincləri danılmazdı. Verdiyi düzgün qərarları, xarakterindəki müsbət keyfiyyətləri saymaqla bitməz. 

Amma bəzən müəyyən anlaşılmaz qərarları da olur. 2008-ci “Qarabağ”ın “sükanı arxasında” olan Qurbanov indi bir futbolçuya layiq olduğundan daha az şans verir. Söhbət öz oğlu, 30 il fərqlə eyni gündə dünyaya göz açan Musa Qurbanlıdan gedir.

Həqiqətən Qurban bəy Musaya layiq olduğundan daha az şans verir? Bəli! Bu problem 2022/23 mövsümündə də yaşanırdı. “Sabah”la “Qarabağ”ın oyunlarından birinə neytral azarkeş - tamaşaçı kimi getmişdim. O vaxt hələ idman jurnalistikasına gəlməmişdim. Murad Musayevin “Sabah”ı “köhlən atlar”la çempionluq mübarizəsi aparırdı. Matç 0:0 bitmişdi. “İmarət Tayfa” “Qurban, Musanı oyuna burax” şüarını səsləndirirdi. Həmin mövsüm də Musa lazımınca şans qazanmırdı. Amma yekunda bombardirlik yarışında 2-ci oldu - penaltiləri də yerinə yetirən komanda yoldaşı Ramil Şeydayevdən geri qalmışdı. Lakin Musa rotasiya hücumçusu kimi düşünülürdü. Ramil Şeydayevin, daha sonra Juninyonun, Nəriman Axundzadənin, indi də Kamilo Duranın əvəzləyicisi kimi görünür. Buna baxmayaraq, o meydana sonradan çıxanda da özünü doğrulda bilib.

Uğursuz “Yurqorden” karyerasından sonra “Qarabağ”a qayıdan hücumçuya formasını qaytarmaq üçün o qədər çox vaxt lazım olmadı. Musanın artıq 24 yaşı var. Gənc, perspektivli hücumçu deyil. Daha doğrusu, gənc sayılmır. Musanın hər oyun qol, qollar vuran, bombardirlər yarışında lider olan vaxtlarıdı. Amma baş məşqçi - atası onun əl-qolunu bağlayır. Musa bu mövsüm “Qarabağ” üçün çox vacib qollar vurub. Elə mövsümün əvvəlində ağdamlıların Çempionlar Liqasının liqa mərhələsinə düşməkdə böyük rolu olmuşdu. “Ferentsvaroş”la səfər oyununda qızıla bərabər qol vurmuşdu. Təsadüf deyil ki, “Qarabağ” Bakıda rəqibinə məğlub oldu, səfərdəki o qolun sayəsində ən mötəbər klub turnirinin liqa mərhələsinə vəsiqə qazandı.

Nə qədər çətin görünsə də, “Qarabağ” hələ də çempionluq mübarizəsinin içindədi. Burda da Musanın danılmaz rolu var. Bir-birindən vacib qollarla komandasını ayaqda saxlayıb. Elə “Sabah”la oyunda 3 qoldan birinin müəllifi Musa idi.

“Şamaxı”nı da kubokda çətinliklə keçdilər. İlk oyunda dumanlı Şamaxıda “şirlər” 2:0 öndə idi. O matçda da fərqi minimuma endirən, cavab oyunu üçün “Qarabağ” ı “ayaqda saxlayan” futbolçu məhz dünən 24 yaşını tamamlayan Musa idi.

Musanın bu mövsüm bütün turnirlərdəki nəticələrinə nəzər salaq. 

Çempionatda: 15 oyun, 5 qol, 2 məhsuldar ötürmə. 
Bu 15 oyunun 7-də meydana sonradan çıxıb. Start heyətində olduğu 8 oyunun da yalnız ikisində 90 dəqiqə oynayıb. 

Kubokda: 4 oyuna çıxıb, 1 qol vurub. 
2 dəfə start heyətində çıxıb və hər birində 90 dəqiqə oynayıb. 

ÇL-in təsnifat mərhəsində: 5 oyun, 1 qol. 
Heç birində start heyətində meydana çıxmayıb, üçündə heç 10 dəqiqə meydanda olmayıb. 

ÇL-in liqa və pley-off mərhələsi: 6 oyun. 
Bütün oyunlarda meydana sonradan çıxıb. Ən çox 11 dəqiqə meydanda olub (4 oyunda 1, birində 5, birində 11). 

Hazırda “Qarabağ”ın heyətində yeganə hücumçu Musadı. Söhbət məhz mərkəz hücumçusundan gedir. Duran vingerdi, Qurbanov onu məcburiyyətdən hücumçu edib. Durandan əvvəl Nərimanın da, Juninyonun da öz mövqeyi forvard deyildi. Amma Qurbanov hücumçu olmayanları belə sivri ucda oğlundan üstün gördü, belə yetişdirdi. 

Niyə axı, Qurban bəy, niyə Musaya güvənmirsiz? 10 ildən çoxdu dünyada ən yaxşı məşqçilərdən sayılan Dieqo Simeonenin oğlu da öz komandasındadı. Amma ona “əjdahalar”ın olduğu heyətdə şans verir, oğlunu da “əjdaha” edir. Culiano Simione hazırda “Atletiko”nun əvəzolunmazlarındandı. Atasının güvəni futbolçunun gücünə güc qatır. Musanın da buna ehtiyacı var. 

Bəlkə də bizim bilmədiyimiz nələrsə var. Məsələn, Musa hansısa vacib oyunda zəif oynayar, azarkeşlərin ağır tənqidinə məruz qalar, bunu qaldıra bilməz, Nəriman kimi psixoloji cəhətdən çökər. Amma bu da inandırıcı deyil. Musa savadlı, yüksək dünyagörüşünə malik birisi. Futbolçudusa, dərk edir ki, tənqidlər də olacaq. 

…Qurban bəyi də, Musanı da doğum günü münasibətilə təbrik edirik, Azərbaycan futboluna bundan sonra da uzun müddət layiqincə xidmət etməyi arzulayırıq! 

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
42
1
football-plus.az

2Mənbələr