Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM, Orta Dəhliz) çərçivəsində “Qazaxıstan Dəmir Yolları” konteyner daşımalarının sürətini artırmaq üçün yeni logistik modellər tətbiq edib. 2026-cı ilin birinci rübündə marşrut üzrə 125 konteyner qatarı daşınıb ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% çoxdur.
Yanvardan tətbiq edilən “4:3” və “3:2” sinxronlaşdırılmış modelləri qatarların dəniz daşımaları ilə uyğun formalaşdırılmasına imkan verir, yüklərin əlavə yığılmasını aradan qaldırır və çatdırılma müddətini qısaldır. Hazırda marşrutda Abşeron, Poti, Tbilisi, Mersin və İzmit istiqamətləri üzrə daşımalar həyata keçirilir, Çin Xalq Respublikasının yeni sənaye mərkəzləri də aktiv şəkildə qoşulub.
Layihənin genişləndirilməsi və ilboyu müntəzəm göndərişlərin təmin olunması planlaşdırılır.
Züleyxa ƏLİYEVA,
“Azərbaycan”