AZ

İsveçdə uzun müddət işsiz olanların nisbəti artır

Stokholm, 14 aprel, AZƏRTAC

İsveç Statistika İdarəsinin (SCB) məlumatlarına görə, son bir ildə İsveçdə uzun müddət işsiz olanların sayı artıb. İdarə bildirir ki, 27 həftədən çox işsiz qalanların sayı 19 min artaraq təxminən 171 minə çatıb. Bu, ölkədəki ümumi işsizlərin təxminən 36 faizini təşkil edir.

AZƏRTAC xəbər verir ki, ümumi işsizlik səviyyəsi 8,8 faizə çatıb və bu isə təxminən 510 min nəfər deməkdir. Bununla yanaşı, Məşğulluq Xidmətinin məlumatları göstərir ki, qeydiyyatdan keçmiş işsizlərin, yəni azı 12 ay işsiz qalanların sayı 151 min 570 nəfərə çatıb. Bu, əvvəlki illə müqayisədə 1,3 faiz artım deməkdir.

Təhlilə görə, 55-66 yaş arası insanlar xüsusilə həssas qrup olaraq qalır. Onların uzunmüddətli işsizlər arasındakı payı 18-24 yaş arası gənclərə nisbətən təxminən üç dəfə çoxdur. Bundan əlavə, idarə qeyd edir ki, yaşlı insanların işlərini itirmə ehtimalı daha azdır, lakin əgər itirsələr, xeyli müddət işsiz qalırlar.

Yüksək risk qruplarına, həmçinin Avropadan kənarda doğulmuş insanlar, orta təhsili olmayanlar və məhdud əmək qabiliyyəti olan insanlar daxildir. Bundan əlavə, tək bir şəxs eyni vaxtda bir neçə kateqoriyaya düşə bilər ki, bu da onların əmək bazarındakı mövqeyini daha da çətinləşdirir.

Ekspertlər uzunmüddətli işsizliyin artmasını iqtisadiyyatdakı struktur dəyişiklikləri, bacarıqlarla işəgötürənin tələbləri arasında uyğunsuzluq və yaş ayrı-seçkiliyi də daxil olmaqla bir neçə amillə əlaqələndirirlər. Tədqiqatlar göstərir ki, işəgötürənlər tərəfindən cavabın alınması ehtimalı 40 yaşdan sonra azalmağa başlayır.

Eyni zamanda, gənclər daha az uzun müddət işsiz qalır, çünki onlar müvəqqəti məşğulluq, təhsil və iş axtarışını çox vaxt birləşdirir və əmək bazarında daha çevikdirlər. Bununla belə, hətta ali təhsilli gənclər arasında uzunmüddətli işsizlikdə artım qeydə alınıb ki, bu da iqtisadi böhranın təsirləri ilə izah olunur. Əmək bazarı yaxşılaşdıqca, işçi qüvvəsinə tələbatın artması gözlənilir ki, bu da əsasən tələbat olan bacarıqlara malik ixtisaslı mütəxəssislərə təsir göstərəcək.

Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Seçilən
18
1
azertag.az

2Mənbələr