ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
İran Buşehr Atom Elektrik Stansiyasına (AES) mümkün zərbə endirilməsi halında regionda ciddi ekoloji və təhlükəsizlik risklərinin yarana biləcəyi barədə xəbərdarlıq edib.
Buşehr AES-ə zərbə endirilməsi halında region üçün ən real risklər hansılardır? Azərbaycana mümkün təsirlər nə dərəcədə realdır?
Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, atom elektrik stansiyalarında nüvə yanacağından istifadə edilməsi dünya miqyasında hər zaman müəyyən riskləri gündəmdə saxlayır:
"Bəşəriyyət indiyə qədər İkinci Dünya müharibəsinin sonunda Yaponiyaya atılan bombalar, Çernobıl qəzası və Yaponiyada baş verən sunami nəticəsində zədələnən atom elektrik stansiyası kimi ciddi nüvə təhlükələri ilə üzləşib. Bu hadisələr radiasiyanın ətrafa yayılmasının nə dərəcədə fəlakətli olduğunu nümayiş etdirib. Hazırda Buşehr ətrafında baş verə biləcək hər hansı zərbə ehtimalı da ilk növbədə radiasiya sızması baxımından risklər formalaşdırır".
Ekspert əlavə etdi ki, Buşehrin Azərbaycana qonşu olan İran ərazisində yerləşməsi, külək vasitəsilə radioaktiv maddələrin ölkəmizə də yayıla bilmə ehtimalını yaradır, bu da müvafiq qabaqlayıcı tədbirlərin görülməsini zəruri edir:
"Buna baxmayaraq, hazırkı geosiyasi vəziyyətdə ABŞ-nin İranın atom elektrik stansiyasını birbaşa məhv etmək və beləliklə, öz müttəfiqləri də daxil olmaqla geniş bir coğrafiya üçün radioaktiv təhlükə yaratmaq niyyətində olduğu müşahidə edilmir. Baxmayaraq ki, zaman-zaman Buşehr AES-in fəaliyyətini məhdudlaşdırmaq məqsədilə həmin əraziyə müəyyən zərbələr endirilib, hazırda nə ABŞ, nə də İsrail tərəfindən ciddi bir fəlakətə səbəb olacaq dağıntı qeydə alınmayıb. MAQATE-nin mütəmadi hesabatları da radioaktiv fonun normalar daxilində olduğunu təsdiqləyir. Odur ki, mövcud vəziyyətdə real radioaktiv risklərdən danışmaq üçün əsaslı bir səbəb yoxdur. Bu baxımdan da əhali arasında təşvişə və ya narahatlığa lüzum görülmür".
Xədicə BAXIŞLI
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.